Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Elm / Publisistika
14:20, 22 dekabr 2022
398
0

YALANÇI TƏHSİL, BOŞ MÜZAKİRƏLƏR... - Nadir Qocabəylinin baxışı

Bir neçə gündür, müəllim-şagird münasibətləri, tərbiyəsiz şagirdlərin davranışları, müəllimlərin çətinlik çəkməsi haqda müzakirələri oxuyur, dinləyirəm. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, heç kəs əsl səbəbi və problemin həlli yolunu göstərə bilmir.
Çox az müddət (təxminən il yarım) müəllim işləmişəm. Bir dəfə dərsdə meymunluq edən, məni saymamağa çalışan və cavab qaytaran bir yuxarı sinif şagirdini möhkəm döydüm. Elə bağırdı ki, bütün məktəb tökülüb gəldi. Direktor məni müdafiə edərək dedi ki, əcəb eləmisən, gələn dəfə bundan da möhkəm döy...

Ancaq çox keçmədən peşman oldum. Özümü pis hiss elədim, bütün günü və gecəni əzab çəkdim. Ertəsi gün həmin şagird mənə yaltaqcasına salam verəndə lap pis oldum. Dərsdə ona dedim ki, oğlum, niyə məni hövsələdən çıxartdın, məcbur elədin? Mən əzab çəkdiyim halda, boyu elə mən qədər olan kök, qırmızıyanaq oğlan başını aşağı salıb gülümsəyirdi.

Bu və digər səbəblərə görə, az sonra müəllimliyi birdəfəlik tərk etdim. O üzdən pedaqoji təcrübəm də çox deyil. Ancaq hər halda 10 il orta məktəbdə oxumuşam, uşaqlarım oxuyub, eyni zamanda, həyatdan, elmdən-təhsildən anlayışım olduğuna görə düşünürəm ki, öz fikirlərimi yazmaq haqqım var.

Müəllim-şagird problemləri təhsilin indikindən qat-qat yaxşı səviyyədə olduğu sovet dövründə də vardı. Xüsusilə də yuxarı siniflərdə oxuyan, aşıb-daşan enerjilərini sərf etməyə meydan axtaran oğlanlar hədəf olaraq yumşaq xarakterli qadın müəllimləri, fiziki və psixi cəhətdən zəif olan kişi müəllimləri seçirlər. Oğlanlar arasında müəllimə cavab qaytarmaq, hətta onu vurmaq, gücü çatdığı halda döymək baş ucalığı, özünü göstərmək vasitəsi sayılır. Onlar özlərini məhz bununla təsdiqləməyə çalışırlar. Təəssüf ki, bu məsələylə hələ indiyə qədər heç kəs məşğul olmayıb.  
Onlar dərslərin keyfiyyətinə, oxuyan şagirdlərə də ciddi maneədirlər.

Düşünürəm ki, bunlar hər kəsə bəllidir. Amma problemin həllini deyəsən heç kəs bilmir. Ən azından bunu kiminsə dilindən şəxsən eşitməmişəm. 
Tətbiq olunacağına inanmasam da (çünki bu ölkədə heç bir ağıllı təklifin qəbul olunduğunu indiyəcən görməmişəm), bəlkə də, gələcəkdə lazım ola biləcəyini nəzərə alaraq, qısaca şərh edəcəyəm.

İlk növbədə təhsil bir neçə mərhələyə bölünməlidir. Üç, dörd, hətta beş və daha artıq mərhələdə məktəblər olmalıdır. 1-ci sinifdən tutmuş 11-ci sinfə qədər bütün şagirdləri eyni məktəbə yığmaq təhsil yox, plan doldurmaqdır, imitasiyadır. İbtidai təhsil ayrı, orta təhsil ayrı, litsey təhsili ayrı olmalıdır. Hətta onları da öz növbəsində təmayüllərə bölmək lazımdır. Bu üsul şagirdlərin temperament, davranış, tərbiyə, həm də istedad, qabiliyyət, həvəs baxımından çeşidlənməsinə kömək edəcək. Yəni aqressiv, hiperaktiv şagirdlə sakit, oxumağa meyilli şagird bir məktəbdə, bir sinifdə oxumayacaq.

Təbii ki, müəllimlər də onlara uyğun seçilməlidir. Aqressiv, vurub-tutmağa meyilli şagirdlərin çoxluqda olduğu məktəblərdə qoluzorlu, cüssəli kişi müəllimlər, zabitəli və təcrübəli qadın müəllimlər dərs deməlidir. Belə müəllimlərin dərsində şagirdlər adətən quzuya dönürlər. 
Digər bir məsələ şagirdlərin sinifdən sinfə keçirilməsiylə bağlıdır. Bizdə bu məsələ tamamilə formaldır, yəni plan doldurmaq xarakteri daşıyır. Tutaq ki, bir sinifdə 10 nəfər şagird növbəti sində adlaya bilməsə, hesab olunur ki, tədris keyfiyyətsiz olub, müəllim dərs keçməyib. Bu səbəbdən müəllimlər saxta və şişirdilmiş qiymətlər yazırlar. Onları buna rəhbərlik də məcbur edir. Reallıqda durum belədir ki, mövcud proqram çərçivəsində 30 nəfərlik sinifdən uzağı 10 şagirdin növbəti sinfə keçmə potensialı olur.

Amma belə olmamalıdır. Lap aşağı sinifdən başlayaraq proqramı qavramayanlar ələnməli və daha uğurlu yoldaşlarından ayrılmalıdırlar. Şəxsən mənimlə elə şagirdlər 10 il oxuyublar ki, bu müddət ərzində üzündən oxumağı, adlarını düzgün yazmağı belə öyrənə bilməyiblər. Nəinki orta məktəbdə, hətta universitetdə bütün təhsil müddəti boyunca ağzını bir dəfə açmayan sinif və qrup yoldaşlarım çoxluqda olub. Onlar daim bizim vaxtımıza və haqqımıza giriblər. Çünki müəllimlər vaxtın çoxunu onları danlamağa, onlara "bəsdi-kəsdi" deməyə həsr ediblər. Ən dəhşətlisi də odur ki, onların hamısına attestat, diplom verilib. Belə təhsil olmaz axı. Sonra da deyirik ki, millətimiz niyə inkişaf etmir? Bu yolla məgər millət inkişaf edər?
Oxuya bilməyənləri lap aşağı siniflərdən xüsusi məktəblərə yönəltmək, onlara sənət, peşə ağırlıqlı dərslər keçmək, fiziki işlərə, zəhmətə alışdırmaq lazımdır. Qoyun aşıb-daşan energilərini faydalı yöndə sərf etsinlər. Elə oxuyanları da bölmək lazımdır. Riyaziyyatı, fizikanı, kimyanı sevənlə ədəbiyyatı, musiqini, rəssamlığı sevən niyə bir yerdə oxuyub, bir-birinə mane olmalıdır?

Çox uzatmıram. Zənnimcə fikrim aydın oldu. Təhsil nazirinin, nazirlik işçilərinin, direktorların, müəllimlərin, xüsusilə də jurnalistlərin oxuması məsləhət deyil. Çünki onsuz da heç bir addım atılmayacaq. Efirlərdə də mənasız söz güləşdirmələri davam edəcək...


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)