Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Publisistika
14:18, 09 dekabr 2021
479
0

Səhv bilirsiniz nədədir, Tofiq bəy? Qərbə, ingilislərə bu qədər inanıb, güvənib tələsməyinizdə

Nadir Qocabəyli

Səhv bilirsiniz nədədir, Tofiq bəy? Qərbə, ingilislərə bu qədər inanıb, güvənib tələsməyinizdə.

Siz elə bilirsiniz ki, onlara arxalanıb, İlham Əliyevi yıxsanız, ölkədə hər şey əla olacaq. Ya da özünüzü bu cür göstərirsiniz və rol oynayırsınız. Məgər başa düşmürsünüz ki, problemlərin azərbaycanlıların mədəni səviyyəsindən qaynaqlanan ictimai və dünyadan qaynaqlanan qlobal səbəbləri var? Guya İlhamı yıxıb yerinə Əlini qoysaq, hamı əla yaşayacaq? Axı nəyin hesabına? Guya siz nefti satıb, xalqın arasında bərabər böləcəksiniz? Bunu bacararsınızmı? Buna qabiliyyətiniz çatarmı? İstəsəniz belə, sizi özbaşına qoyarlarmı? Xaricdə oturan beynəlxalq quldurları qoyuram kənara, daxildəki qurdların, sizlərdən min dəfə hiyləgər, bic, fəndgir siyasətbazların, işbazların öhdəsindən gələ bilərsinizmi? Buna sizin potensialınız, təcrübəniz, təpəriniz varmı?

Lideriniz gedib Əli İnsanovun yanında oturur. Siz durumu YAP-ın ən odioz, aqressiv fiqurlarından olan Əli İnsanovla birlikdəmi xilas etmək istəyirsiniz? Yoxsa onu aldadacağınızı düşünürsünüz? İlham Əliyevə qarşı Əli İnsanovla birləşmək nə dərəcədə düzgün seçimdir? Ondansa elə İlham Əliyevlə anlaşın da. Yoxsa okeanın o tayından icazə vermirlər? Yəqin ki, elədir. Çünki ağıllı adam Əli İnsanovdansa, elə İlham Əliyevlə işləyər, əməkdaşlıq edər... Siz nə qədər tələssəniz də, hər şeyin vaxtı var və armud vaxtında yetişəcək. İlham Əliyevi dəyişməklə ölkə çox dəyişməz. Bəlkə də, siz də daxil beş-on nəfər nəsə qazanar, vəzifə-zad tutar, amma böyük dəyişiklik olmaz. Çünki dediyim kimi, daxili və xarici şərait müsaid deyil, yəni yetişməyib.

Sizə ağıl vermək mənə düşməz, çünki əvvəla məndən 5-6 bayram böyüksünüz. Siyasi təcrübəmiz də elə eynidir, sadəcə siz müəyyən səbəblərdən üzdə olmusunuz. Sizə acıdığımı desəm də, düz olmaz. Çünki bu yolu özünüz seçmisiniz. Döyülməyinizə bir insan kimi üzüldüm, bunu pislədim, amma hesab etdim ki, artıq bunu dayandırmalısınız. Çünki zor işlədənləri hər nə qədər pisləsək də, "arığın qoruqda nə işi var" məsəlini də unutmamalıyıq. Məncə, mübarizə uzunmüddətlidir və bu üzdən siz də küyə getməməli, tələsməməli, səhhətinizi, ailənizi qorumalısınız. Hər kəlmədə İlham Əliyevin adını çəkmək qəhrəmanlıq yox, dəlioğlanlıqdır. Bunun heç kəsə xeyri yoxdur. Bəlkə də, sizə var, bilmirəm, amma başqalarına yoxdur. İnciməyin, dolanışığınız o yoldan çıxırsa, allah kəssin elə çörəyi. Ondansa elə İlham Əliyevdən alın və mötədil müxalifət olun. Çünki yol uzundur, sərt olub ancaq özünüzə pislik edəcəksiniz. Çünki güvəndikləriniz bizə heç vaxt demokratiya verməyəcəklər. Demokratiyanı, azadlığı zatən kiminsə kiməsə verməsi mümkün deyil. Onun alt yapısı olmalıdır, tarixi-mədəni əsasları, iqtisadi bazası olmalıdır. Demokratiya, azadlıq sadəcə şüar deyil, onlar dərk olunmalıdır...

Demirsiniz, sizə çox şeylər təklif olunur. Məncə, daha ağıllı seçim edin. Siz yaşda adama döyülmək lazım deyil. Qısa müddətə unudulacaqsınız. Uzunmüddətli siyasi strategiya ilə hərəkət edin. Kataklizmlər, toqquşmalar, qan-qada lazım deyil. Dəyməz ey, ay Tofiq bəy! Axi nəyə görə, kimə görə! Siz kimi xoşbəxt etmək istəyirsiniz axı? Xoşbəxtliyi hər kəs özü istəməli və səylər şüurlu şəkildə birləşdirilməlidir. Xoşbəxtliyə baxışlar da fərqlidir. Sizin tərəfdarlarınız Natiq Cəfərlinin ailəsini, anasını ağır söyüşlərlə təhqir etmişdilər. Siz azadlığı, demokratiyanı, xoşbəxtliyi o adamlar üçünmü istəyirsiniz? Onlar bunların nə olduğunu anlayırmı?... Ölkədə və dünyada proseslər gedir və məncə, onlara uyğun hərəkət etmək lazımdır. Günümüzün qəhrəmanı nəticə əldə edəndir. Konkret nəticə olmasa, hamısı boş şeydir. Şüar demək, söyüş söymək, döyülmək, qaçıb xaricdə kitab yazmaq, hədə qorxu gəlmək havayı şeydir. Nəticə əldə etmək lazımdır, nəticə. Ondan ötrü hesablamaları dəqiq aparmağı bacarmaq, bilikli, hissiyyatlı olmaq lazımdır.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)