Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region
11:20, 25 noyabr 2021
546
0

Azərbaycan və İran münasibətlərindəki gərginlik xarici amillərdən qaynaqlanırdı


Politoloq Nəzakət Məmmədova Sherg.az saytına Azərbaycan-İran münasibətlərindəki gərginliyin səbəbləri, gərginliyin aradan qaldırılması, digər region ölkələrinin və qlobal güc olan dövlətlərin regiondakı hadisələrə təsiri barədə müsahibə vermişdir.

Politoloq sayta açıqlamasında bildirib ki, ABŞ-da və İsraildə hakimiyyətə gələn istənilən administrasiya İranı düşmən ölkə elan edir. Bu, hər bir administrasiyanın 1979-cu il hadisələrindən sonra ölkənin İrana dair xarici siyasət kursuna sədaqətini təsdiq edir.

Politoloqun fikrincə, “Yenilənən milli təhlükəsizlik strategiyalarında da İran daima Birləşmiş Ştatların və İsrailin təhlükəsizliyinə əsas təhdid törədən ölkələr sırasında yer alır. İran həmişə hədəfdədir, sadəcə, onunla münasibətləri diplomatiya, yoxsa hərbi vasitələrlə aparmağa dair fikir ayrılıqları var. Təbii ki, məsələnin kökündə İran və İsrailin Yaxın Şərqdə liderlik ambisiyaları durur. ABŞ-ın özündə İranyönümlü qüvvələrin və yəhudi lobbisinin məsələyə fərqli yanaşmaları durur. Hərbi-sənaye konsernləri, Pentaqon, yəhudi lobbisi və başqa qüvvələrin maraqları toqquşur. Lakin İran Yaxın Şərqin heç bir ölkəsinə bənzəmir. Oraya birbaşa hərbi müdaxilə inandırıcı görünmür. Odur ki, ABŞ daha çox SSRİ kimi nəhəng dövləti parçaladığı üsullarla İranı zəiflətmək istəyir. İranın Yaxın Şərqdə böyük geosiyasi, ideoloji, hərbi təsir vasitələri var. ABŞ Obama dövründə bunu az da olsa, qəbul edirdi. Lakin Tramp və yəhudi lobbisi bununla barışmaq istəmədi və vəziyyət eskalasiyaya doğru getməyə başladı. ABŞ qarşısında İrana qarşı böyük bir ittifaq durur. Bu, İsrailə qarşı olan və ABŞ-dakı katolik güc mərkəzləri, xüsusən Pentaqonla ittifaqda olan Avropa Birliyi və NATO-dakı katolik ölkələri, Çin, Rusiyadır. Artıq son müşahidələr bunu deməyə əsas verir ki, Avroatlantik və Anqlo-sakson ideologiyaları çox zəifləyib. Onun yerini İranla geosiyasi, enerji və ticarət maraqları olan Avropa Birliyi, İngiltərə, Çin, Rusiya, Türkiyə yaxınlığı tutur”.

Azərbaycana gəlincə, politoloq bildirib ki, Azərbaycan İrana qarşı heç bir ideoloji, kəşfiyyat, diplomatik fəaliyyətlərdə yer almır: “Düşünürəm ki, beynəlxalq təcrid başa çatsa da, sanksiyalar aradan qaldırılsa da, İran əvvəlkindən daha artıq bir mürəkkəb dövrə qədəm qoyub. Çünki Suriya kimi bir müttəfiq sıradan çıxarılıb. İraq-İran, Suriya-İran sərhədində kürd dövləti yaradaraq burada ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi, üstəlik, Əfqanıstandan çıxarılan ABŞ kontingentinin yerinə "Taliban"ın hakimiyyətə gətirilməsi "Damokl qılıncı" kimi İranın ərazi bütövlüyü üzərində asılaraq onun hərtərəfli təcrid olunmasına hesablanıb. İran Türkiyə ilə birgə Yaxın Şərqdə əsas hədəfdə olan ölkələrdir".  

Bundan başqa, "ətta düşünmək olar ki, Avropa Birliyi Ermənistanla tərəfdaşlıq imzalamaqla və Rusiya buna razılıq verməklə, İranın ABŞ tərəfindən tam təcridinə imkan verməmək və ona Avropaya çıxış imkanı yaratmaq məqsədi daşıyıb. İran özü də bir neçə il əvvəl Xəzərin statusuna dair razılaşmaya gələrək Britaniyanın buradakı neft maraqlarını və Azərbaycanın suveren hüquqlarına hörmətini qəbul etdi, Bakı-Qars, Şimal-Cənub layihələrinə qoşulmaq istəməklə Çindən İngiltərəyədək olan nəhəng Avrasiyanı birləşdirən kommunikasiya xəttinə daxil olmaq istədi. Azərbaycanın bu magistralda əsas yer tutan ölkələrdən biri olduğu, eyni zamanda Tehranda Azərbaycan, Rusiya, İran prezidentlərinin Şimal-Cənub layihəsini qəbul etdiyini nəzərə alsaq, Azərbaycanın İrana qarşı cəbhədə yer almayacağını demək olar. Doğrudur, son dövrlərdə münasibətlərdə aşkar gərginlik baş verdi, bu hətta diplomatik demarşlardan da ötə bir xarakter aldı. Lakin Azərbaycan və İran münasibətlərindəki gərginlik endogen, yəni daxili, təbii səbəblərdən yox, ekzogen, xarici amillərdən qaynaqlanırdı. Ona görə də tezliklə sakitlik yarandı və əməkdaşlıq mühiti bərpa olundu. Ehtimal ki, İran Zəngəzur dəhlizi məsələsinə narahat olmuşdu və görünür, Azərbaycan ona narahatlıq üçün əsas olmadığına dair təminat verib. Çünki Zəngəzur İranın Ermənistan vasitəsilə şimala açılan tək qapısıdır. Digər tərəfdən, İran şirkətlərinə də işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak etmək üçün pay ayırmaqla ölkəmiz xoş münasibətini ortaya qoymuş oldu. Belə bir şəraitdə ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açılır və ümid edək ki, gərginlik arxada qalmış olur. Üstəlik, İran Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki "ağıllı kənd" layihələrindən İsrailin istifadə edəcəyindən narahat idi. Lakin bu günlərdə Bakıda Rusiya-Azərbaycan biznes forumu keçirildi və Rusiyanın iş adamlarının da həmin "ağıllı kənd" layihələrində iştirakı barədə müzakirələr aparıldı. Bu isə Azərbaycanın öz ərazisində üçüncü ölkələrlə heç bir gizli işbirliyinin olmadığını və regionun bütün ölkələrinə açıq olduğunu göstərdi” - deyə politoloq əlavə edib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)