Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
Prezident İlham Əliyev: “Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir”
“Siz tamamilə haqlısınız, münasibətlərimizin inkişafına bu cür ton və istiqamət verən Prezident Putin ilə bizik. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Doğrudur, biz yüksək səviyyəyə çatmışıq, lakin bununla belə, bu gün münasibətlərimizi həm keyfiyyətinə, həm formasına, həm də müxtəlifliyinə görə daha yüksək səviyyəyə çatdırmaq üçün fəal iş gedir”.
Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində “Müsahibəmizin sonunda Siz Rusiya auditoriyasına hansı sözlərlə müraciət etmək istərdiniz? Xüsusən ona görə ki, Rusiya Prezidenti Vladimir Putin ilə Sizi çox hörmətli, xeyirxah, səmimi münasibətlər bağlayır, bu isə dövlətlərarası münasibətlərdə çox vacibdir. Azərbaycandakı böyük rus icması özünü, bəlkə də hər hansı başqa postsovet məkanında heç yerdə olmadığı kimi rahat hiss edir. Siz məşhur siyasi xadimsiniz və Rusiyada hamı Sizin parlaq çıxışlarınızı xatırlayır, Sizə çox böyük hörmət bəsləyir. Siz Rusiya auditoriyasına hansı sözləri ünvanlamaq istərdiniz” sualına cavabında deyib.
Azərbaycan dövlət başçısı Rusiya Prezidenti ilə onu çox böyük etimada əsaslanan münasibətlər bağladığını bildirib: “Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür. Fürsətdən istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu ölkənin reallıqlarını, bizim dövlətlərarası münasibətlərin mahiyyətini və xarakterini daha düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa, qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır və mən həm müharibə dövründə, həm də müharibədən sonra Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və indiyə qədər alıram. Bunlar dəstək məktubları, təbriklərdir, müəyyən səbəblər üzündən Rusiyaya köçüb getmiş bəzi keçmiş bakılılar da yazır, burada heç vaxt olmayanlar da. Onlar müharibə dövründə bizim ölkəmizə daha müsbət münasibət bəsləməyə başlayıblar.
İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu. Ona görə ki, bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil yetişib, onlar bir-birini bizim bir-birimizi tanıdığımız dərəcədə tanımırlar. Buna görə Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir. Çünki bu, həm bizim üçün, həm də Rusiya üçün böyük dəyərdir, ona görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç də həmişə bizim aramızdakı münasibətlər kimi olmur. Əlbəttə, təvazökarlıqdan uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə, iki ölkənin prezidentlərinin, onların komandalarının bütün başqa üzvlərinin və ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim: pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən 1 milyon rusiyalı gəlib. Qısa müddətdə praktiki olaraq iki dəfə artmış bu göstərici komfortluq göstəricisidir. Ona görə ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri yerlərə gedirlər. Bir də ki, Azərbaycanda Rusiyaya münasibət həmişə müsbət olub və belə də qalmaqda davam edir”.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR