Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Valeri Korovin. "İmperiya ərəfəsində". Neft kralları. NATO-nun yeni inisiativi
Gözlənildiyi kimi, NATO beynəlxalq neft hasilatı ilə məşğul olan şirkətlərə və ölkələrə təklif verib ki, gəlin sizi terrorçulardan, girov götürülmə təhlükəsindən və dəniz quldurlarının hücumlarından qoruyaq. NATO bu təklifi ilə əslində bütün Yaxın Şərqi, Fars körfəsi, Asiya və Afrika ölkələrini öz hərbi çətiri altına almaq niyyətindədir.
NATO artıq Siyasi Planlaşdırma direktoru Ceymi Şeanın şəxsində “Royal Datç Şell” və “BP” şirkətləri ilə bu barədə danışıqlar aparıb. “Biz öz Hərbi Dəniz Qüvvələrimizin neft-qaz şirkətlərinin maraqları naminə istifadə edilməsi imkanlarını aktiv surətdə dəyərləndiririk”. Bu sözləri Ceymi Şea danışıqların nəticələri barədə danışarkən bəyan edib. Onun sözlərinə görə, mühafizə funksiyasını NATO dövlətlərinin çevik reaksiya qüvvələri, ya da ola bilsin nizami ordu qüvvələri yerinə yetirəcək.
Amerika qoşunlarının əsas rol oynadığı NATO qüvvələrinin nümayəndəsindən başqa bir şey gözləməyə dəyməzdi. Bu “yaxşı oğlanlar” indi çox uğurla İraqın neft yataqlarını “mühafizə” edirlər. Əgər məsələyə ciddi yanaşsaq deyə bilərik ki, müddət keçdikcə hələ çox dövlətlərin neft yataqlarının ətrafında gərginlik artmağa başlayacaq.
Müasir dünyada siyasi, strateji və iqtisadi təsir vasitəsi olan təbii resurslar günbəgün daha çox Qərbin iştahasına tuş gəlir. Əgər enerji ehtiyatlarına malik dövlətlər öz müstəqilliklərini saxlamaq istəyirlərsə, ABŞ-ın “himayəsindən” boyun qaçırmalıdırlar. Axı bu gün heç kəsə sirr deyil ki, dünya ölkələrində neft yataqlarının çoxu ABŞ-ın nəzarəti altındadır.
Hətta qosqoca Avropa belə tam suveren subyekt ola, Vaşinqtonun asılılığından çıxa bilmir. Bütün neft və qaz məhsulları Avropaya ABŞ adminstrasiyasının “xeyir-duası” ilə daxil olur. Rusiyanın müstəqil olaraq Baltik dənizinin dibi ilə Avropaya qaz kəməri çəkməsinə ABŞ-ın reaksiyaları nələr bahasına başa gəlir bir Allah bilir. Eyni cür reaksiyanı Asiya ölkələrinin Qərbi Avropa dövlətlərinə birbaşa qaz vurmaq imkanı verən Şimali-Xəzər layihəsinə qarşı da görürük.
Proqnozlaşdırmaq olar ki, yeni yüzillikdə müharibələr və hərbi konfliktlər əvvəlkindən daha çox təbii resurslar üzərində nəzarət motivinə görə baş verəcək. NATO funksionerlərinin resursları nəzarət altına almaq niyyəti artıq bundan xəbər verir ki, onlar neftlə zəngin Yaxın Şərq regionuna tez bir zamanda pəncələrini qoymaq istəyirlər. Həm də onlar bunu “dünya ağasına” xas aqressiv və qəti manera ilə edirlər. Əslində isə söhbət region dövlətlərinin suverenliklərini itirməsindən gedir.
Nəzərə almaq lazımdır ki, NATO bütün bunları edərkən bir gözü ilə Rusiyaya və onun resurslarına baxaraq, ya onları ələ keçirməyə, ya da hər bir halda Amerikaya lazım olan məcraya yönəltməyi təmin etməyə çalışır. Rusiyanın resursları ABŞ üçün elə bir yağlı tikədir ki, onu heç vaxt gözdən qoymurlar. Bundan başqa güc faktoru öz vacib rolunu oynayacaq, çünki digər dövlətlərin sərbəstliyi və müstəqilliyi NATO strateqlərinin planlarına qətiyyən uyğun gəlmir. Bu isə ölkəmiz üçün böyük təhlükə və təhdiddir.
Enerji resursları faktoru İraqa da hərbi müdaxilədə əsas rollardan birini oynadı. İraq həm də regionun digər – İran, Qətər və Fars körfəzi ölkələrində olan resurslarına nəzarət etmək üçün rahat meydança rolunu oynayır. Cənubi-Şərqi Asiya və Afrika dövlətləri də burdan çox uzaqda deyillər. Fars körfəzindən əsasən ABŞ-ın nəzarət etdiyi neft daşınması magistralları keçir. Amerikada benzinin və digər enerji resurslarının qiyməti bu regiondakı vəziyyətdən asılı olacaq. Hazırda Latın Amerikası ölkələri müstəqil siyasət yürüdüb neft hasilatını milliləşdirməyə çalışırlar. Bu elə kifayət edir ki, Amerika öz neft hasilatçılarını müdafiə etmək üçün regiona hərbi müdaxilə etsin.
Təsəvvür etmək çətin deyil ki, Yeltsinin vaxtı olsaydı, NATO qüvvələri öz neft hasilatçıları olan şirkətləri müdafiə etmək bəhanəsi ilə bizim ölkəmizə də girmək fikrinə düşərdilər. Axı “Şell” və “BP” Rusiyada da işləyirdilər. “Terrorçulardan mühafizə etmək üçün” öz hərbi kontingentlərini və texniki qurğularını bizim neft yataqlarımızın ətrafında da yerləşdirəcəkdilər. Əgər hərc-mərclik hökm sürən, oliqarxik, korrupsioner Yeltsin hökuməti bir neçə il də hakimiyyətdə qalsa idi, bu baş verəcəkdi. Amma bu gün Rusiya kifayət qədər güclü oyunçudur və amerikanların öz arzularını həyata keçirməsi mümkün deyil.
Buna baxmayaraq NATO-nun ən başlıca hədəfi bütün resurslara, həmçinin Rusiyanın neft hasilatı olan ərazilərinə nəzarət etməkdir. Amerikanlar bu hədəfə daha asan yolla - hərbi alyansların üzvü olmayan, neft yataqları ilə zəngin olan xırda dövlətlərin hesabına yaxınlaşmağa çalışırlar. Məntiqlə bundan sonra baş verəcək hadisə isə Rusiyaya bu tipdə ultimatum verməkdir: “Baxın ha. Ölkələrin çoxusu öz neft-qaz yataqlarının mühafizəsini bizə həvalə edib, siz isə yox”. Mühafizə, ardınca nəzarət, ardınca isə idarəetmə — onların hərəkətlərinin məntiqi ardıcıllığı bax bu cürdür.
NATO bir şeyi nəzərə almır: Rusiya nəinki özü hasilat həyata keçirə bilir və öz sərvətlərinin mühafizəsini təşkil edə bilir, həm də yeni - hətta ABŞ-ın tabeçiliyində olan- bazarlara da rahat şəkildə və heç bir maneəsiz çıxa bilir.
Tərcümə: Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun: