Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
13:57, 23 iyul 2021
444
0

Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?


Bu gün Bakıda Rusiyanın Azərbaycandakı işgüzar missiyası fəaliyyətə başlayır. Bu çərçivədə nəqliyyat, logistika, sənaye müəssisələri, energetika, rabitə və maliyyə sahələrində yüksək səviyyədə danışıqlar aparılacaq.

Görüşdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Nəqliyyat, rabitə və yüksəlk texnologiyalar naziri Rəşad Nəbiyev, RF İqtisadi inkişaf nazirinin müşaviri Dmitri Volvaç, “ROSEKSİMBANK” AC-nin idarə heyətinin sədri Azər Talıbov, Rusiyanın aparıcı sənaye şirkətləri və Azərbaycanın dövlət şirkətləri ilə Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edəcəklər.

Prezidentlərin xeyir-duası

Rusiya ixracatçılarının Azərbaycanın dövlət şirkətlərinin nümayəndələri ilə bu görüşünü, demək olar ki, yüksək səviyyədə anons etmişdilər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çərşənbə axşamı Kremldəki görüşündə azərbaycanlı həmkarı İlham Əliyevə “nümayəndə desantı”nın planlaşdırıldığı barədə xəbər vermişdi.

“Yaxın günlərdə sizə bizim nümayəndə heyətimizi göndərməyi planlaşdırırıq, o, bu işlərlə artıq Bakıda məşğul olacaq, onlar müntəzəm olaraq müxtəlif platformalarda görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur, həm də bəzi digər məsələlər nəzərdə tutulur”, - Putin deyib.

RF prezidentinin sözlərinə görə, Azərbaycanla iqtisadi əlaqələr koronavirusdan sonra bərpa edilir – ötən il müəyyən eniş vardı, indi isə əmin artım, bərpa var.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakında maraqlıdır. Prezident İlham Əliyev qeyd etmişdi ki, Bakı Qarabağda bərpa işlərinə Rusiya şirkətlərini cəlb edəcək və onlardan müvafiq təkliflər gözləyir.

“Biz dost ölkələrdən şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan – dost ölkələrdir, ona görə də, təbii ki, Rusiya şirkətləri cəlb olunacaq. Onlar özləri də maraq göstərə bilərlər, çünki artıq biz müxtəlif ölkələrdən müəyyən işlər üzrə təkliflər alırıq”, - Prezident Əliyev qeyd etmişdi.

Dövlət başçısı diqqətə çatdırmışdı ki, artıq şəhərlərin planlaşdırılması, obyektlərin tikilməsi, o cümlədən infrastrukturun – yolların, körpülərin – qurulması üçün təkliflər artıq gəlib.

“İşlərin  həcmi çox böyükdür, on min kvadrat kilometr ərazi azad edilib”, - deyən İlham Əliyev bildirmişdi ki, Azərbaycanın bütün dostları üçün iş kifayət edər.

KAMAZ yeni məhsullarla gəlir

Rusiya və Azərbaycan nümayəndələrinin görüşündə KAMAZ PSC yeni məhsullarını təqdim edəcək.

Xatırladaq ki, 2015-ci ildən Gəncə Avtomobil Zavodu KAMAZ yük maşınlarını yığır. Rusiya şirkəti ilə bağlanmış müqaviləyə görə, Gəncə Avtomobil Zavodunda KAMAZ-ın 31 avtomobil modelinin istehsalı planlaşdırılır. Zavodda eləcə də KAMAZ-ın sənaye yığımı üçün sex də təşkil olunub.

İlkin olaraq müxtəlif təyinatlı 500-dək MAZ avtomobili, Avro-4 standartlarına cavab verən 50-dək HALLER kommunal maşını, 1400-dək müxtəlif modelli “Belarus” traktorları və 30-dan çox KAMAZ avtomobilinin yığılması planlaşdırılırdı.

Şəhər planlaşdırılması

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə şəhərlərin planlaşdırılması və kompleks araşdırılması ilə məşğul olan “Strelka” KB şirkəti arasında danışıqlar olacaq.

“Strelka” şirkətinin ekspert şəbəkəsinə şəhər obyektlərinin, sistem və proseslərinin yaradılması və inkişafından hali olan minlərlə rusiyalı və xarici mütəxəssis daxildir.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bir müddət öncə bildirmişdi ki, komitə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərin planlı və sistematik bərpası üzrə sənədlər və şəhər planlaşdırılması konsepsiyaları ilə məşğuldur və bu məqsədlə bir sıra yerli və sanballı xarici şirkətlər cəlb olunub.

Onun sözlərinə görə, bölgənin baş planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilib, ərazi planlaşdırılması üzrə müvafiq sənədlərin hazırlanmasına başlanılıb.

Dəmiryolu ilə daşınmalar sahəsində əməkdaşlıq
Görüşdə “1520” DŞ ilə Azərbaycanın Dəmiyolları QSC əməkdaşlıq üzrə danışıqlar aparacaqlar. Rusiyanın “1520” dövlət şirkətinin dəmir yollarının layihələndirilməsi və tikintisi ilə məşğul olduğunu nəzərə alsaq, o zaman güman etmək olar ki, dəmiryolu nəqliyyat kommunikasiyalarının yaradılmasında onun təcrübəsi Bakı üçün faydalı olacaq.

Dəmiryolu daşımaları sahəsində əməkdaşlıq çərçivəsində həmçinin “ADY” QSC və Azərbaycanın "Alliance Logistics" şirkəti Rusiyanın “RDY Logistika” SC ilə danışıqlar aparacaq.

Xatırladaq ki, Azərbaycan və Rusiya nəqliyyat daşımaları sahəsində eyni zamanda bir neçə beynəlxalq layihə çərçivəsində əməkdaşlıq edirlər.

Bu qəbildən “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlıq uğurla davam edir: 2020-ci ilin nəticələrinə görə, bu dəhlizdə dəmiryolları ilə yükdaşımaların həcmi 2019-cu illə müqayisədə 23% artmışdı. 2021-ci ilin birinci rübündə dəhlizin Azərbaycan hissəsi ilə daşınan yüklərin həcmi daha 23.5% artıb. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu magistralı ilə Rusiya yüklərinin daşınması 11% artıb.

Qarabağın bərpasında əməkdaşlıq

Rusiyanın işgüzar missiyasının tədbirində şimal qonşumuzun “Yevraz holdinq” və Türkiyənin “Kalyon Holding” şirkətləri arasında danışıqların keçiriləcəyi də gözlənilir.

“Yevraz holdinq” – infrastruktur layihələr üçün polad və polad prokatların hazırlanmasında liderdir. Eyni zamanda Türkiyənin “Kalyon Holding” şirkəti Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi ilə məşğuldur. Bu yolun 2023-cü ildə hazır olacağı gözlənilir. Eyni şirkət həmin marşrut üzrə dəmiryolunun da tikintisini aparır. Avtomobil yolunun uuznluğu 124, dəmiryolunun uzunluğu isə 114 km olacaq. Hər iki yol Ermənistan, sonra isə Naxçıvan ərazisindəki yollarla birləşəcək.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)