Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
18:21, 25 iyul 2021
413
0

Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiyaya OPEC-ə alternativ təşkilat qurmaq lazımdır


Rusiyanın yeni istiqaməti Yaxın Şərqə doğrudur. Bu Rusiyanın müstəqilliyinin nümayişi deməkdir. Bu Putinin Yaponiya, Çin, İran və Hindistana etdiyi səfərlərlə başlayan Şərq mövzusunun davamı deməkdir. Bu səfərlər nəticəsində həmin ölkələr Rusiyanın geopolitik partnyoruna çevrildilər.

Məhz Hindistanla əməkdaşlıq bizə SSRİ və Çar Rusiyası rəhbərlərinin arzusu olan isti dənizlərə və Hind okeanına çıxmaq imkanı verir. İndi biz heç vaxt olmadığı qədər buna yaxınıq.

Nəhayət, növbə gəlib Yaxın Şərqə də çatdı. Burda müsbət effekt tamamilə ayrı sferada özünü göstərir. Məhz Yaxın Şərq istiqaməti Rusiyanın neft-qaz və enerji subyektliliyini möhkəmləndirməyə imkan verir.

Məsələ burasındadır ki, Rusiya artıq özünü bütün dünyaya böyük enerji dövləti kimi bəyan edib. Ona görə yox ki, bu yaxşıdır, ya da bu bizim xoşumuza gəlir. Ona görə ki, energetika elə bir sahədir ki, Yeltsin dövründə bu sahəni sonadək dağıdıb talan edə bilmədilər. Energetika yeganə sahədir ki, biz onu tezbazar modernizasiya edib yüksəldə bilərik.

Üstəgəl, 21-ci əsrdə bir çoxları energetikadan asılı vəziyyətdə olacaq. Enerji təminatı elə həmin ABŞ-ın hər yerdə öz iradəsini digər dövlətlərə qəbul etdirmək üçün istifadə etdiyi strateji təsirin ən vacib elementinə çevrilib. Energetika təkcə iqtisadi faktor deyil, həm də siyasi faktordur. Bu siyasi faktorun köməyi ilə ABŞ bir neçə onillikdir ki, Avropaya öz iradəsini yeritməkdə davam edir, Yaxın Şərqi yenidən formalaşdırıb yeni dövlətləri öz orbitinə cəlb edir.

Əgər zəngin neft-qaz hasilatçıları və təminatçıları ilə energetika xartiyası imzalamağa nail olsaq, mahiyyət etibarilə Amerikanın marionet təşkilatı olan OPEK-ə (Neft İxrac Edən Ölkələr Birliyi, ingiliscə The Organization of the Petroleum Exporting Countries, qısaca OPEC — red.) alternativ bir təşkilat yarada bilərik. Bu təşkilat OPEK-dən fərqli olaraq enerji daşıyıcılarının çatdırlmasını, qiymətini ABŞ-a alternativ qütbdə olan dövlətlərin – regional güclərin və geopolitik qurumların xeyrinə tənzimləyə bilər. Ümumiyyətlə Yaxın Şərq ölkələri ilə ikitərəfli razılaşma ilə bitən bütün əlaqələr istənilən halda uğur hesab olunur, bizim geopolitik subyektliliyimizi möhkəmləndirir və Putinin Münhen Konfransında səsləndirdiyi tezislərin məntiqi davamıdır.

“Soyuq müharibə” və Sovet İttifaqının mövcud olduğu dövrdə dünya iki düşərgəyə ayrılmışdı. Bir az da kənarda Qoşulmama Hərəkatının üzvləri olan, nə Amerikanın kapitalist dominantlığını, nə də marksist-sosialist modeli qəbul edən bir neçə dövlət var idi. Hazırda Rusiya marksist ideologiyadan imtina etməklə Üçüncü Dünya dövlətləri - Qoşulmama Hərəkatının üzvləri ilə münasibətlərdə bir sıra üstünlüklər əldə etmişdir. ABŞ isə öz düşərgəsinin üzvlərinin sayını keçmiş sosialist düşərgəsi ölkələri hesabına artırır. Bizim də keçmiş Qoşulmama hərəkatı üzvü olan dövlətlərin hesabına müttəfiqlərimizin sayını artırmağa haqqımız çatır. Rusiya bununla öz çəkisini, məhz kontinental çəkisini artıracaq.
Rusiya öz materikində geopolitik həmləyə başlayıb. İstənilən halda bu həmlə dünyadakı rolumuzun güclənməsinə səbəb olacaq.

Bu gün qarşımızda duran əsas vəzifə bu həmləni Rusiyanın tam məzmunlu strategiyasına çevirib onu kontinental blokun yaradılması ilə tamamlamaqdır.

Tərcümə: Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)