Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
13:04, 25 iyul 2021
452
0

Ermənilərin İran isteriyası


AXC dövründə Azərbaycanın xarici siyasəti əsl fəlakət idi. Rusiya ilə münasibətlərdəki aşkar düşmənçilik qısa müddətə Moskva ilə İrəvanı "qardaşa" çevirdi. İranın əleyhinə ritorika Tehranı İrəvanla yaxınlaşdırdı. AXC hakimiyyətinin "qanlı imperiya" adlandırdığı Çin isə Ermənistana milyonlarla dollar həcmində yardım göstərdi.

Qardaş ölkə Özbəkistandan Azərbaycana, Elçibəyin yanına qaçan bir rejim müxalifi dissident isə Bakı ilə Daşkəndin arasında böyük uçurum yaratdı. Bunların hamısının baiskarı isə siyasətin nə demək olsduğunu anlamayan təsadüfi AXC-Müsavat hakimiyyəti idi.

İqtisadiyyatın və əhalisinin sosial həyatının sıx bağlı olduğu ölkələrin demək olar ki, hamısı ilə əlaqələrini pozan cəbhəçilər Qərbə inteqrasiyadan danışsalar da, əsl şoku elə Qərbin 1992-ci ildə qəbul etdiyi bir qanun layihəsindən sonra yaşadılar. 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın əleyhinə məşhur "907-ci düzəliş"i qəbul edərək, "qərbpərəst" anti-Çin və anti-Rusiya AXC-Müsavat hakimiyyətinə böyük "sürpriz" etdi. ABŞ təcavüzə məruz qalan, əhalisi soyqırıma uğradılan, torpaqları işğal olunan Azərbaycanı "erməniləri blokadada saxlamaqda" ittiham edirdi. Bu, AXC-nin arzuladığı "qərb demokratiyası"nın əsl sifəti idi. Nəticə isə 20% torpaqların itirilməsi, AXC hakimiyyətinin tam deqradasiyası və onun ardınca gələn dövlət çevrilişi oldu.

Yaxın tariximizin bu məqamlarına diqqət yetirməkdə məqsədimiz var. Aradan 30 ilə yaxın vaxt keçib. Qarabağı azad edən Azərbaycanın dostları artıb. Düzgün və balanslı xarici siyasətin nəticəsində beynəlxlq müstəvidə söz sahibi olan dövlətə çevrilmişik. AXC-Müsavat hakimiyyətinin yarıtmaz, ölkəmizin və xalqımızın maraqlarına zidd siyasətinin fəsadları çətinliklə də olsa, bir-bir aradan qaldırılıb.

Amma Ermənistan yenə də əvvəlki meyarlarla fikirləşir. Məsələn, İranın yeni seçilmiş prezidentinin Azərbaycan prezidentinə yazdığı məktub onların isteriyasına səbəb olur. Yaxud, Qurban bayramında Şuşadakı Gövhər ağa məscidində İranın ali dini lideri Əli Xameneinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ocaq Nicatın imamlığı ilə bayram namazının qılınması... Yenə Ermənistan KİV-ləri və ekspert dairələri vay-şüvən qaldıraraq, "Əsas müttəfiqlərindən birinin itirildiyini" yazırlar.

Erməni seqmentindəki şərh və reaksiyalara diqqət yetirsək görürük ki, onları Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Nicatın aşağıdakı sözləri hiddətləndirib: "Şuşada namaz qılamaq mənim ən böyük arzum idi. Şuşanı görəndə çox narahat oldum. Belə bir şəhəri işğal etmək, dağırtmaq və sonra da qoyub qaçmaq... Belə olmaz. Allahdan arzu edirəm ki, O, bizə bu gözəl şəhəri dağıdan işğalçıların cəzasəna çatdığı günü göstərsin".

Sosial şəbəkənin erməni seqmentində İbrahim Rəisinin İlham Əliyevə yazdığı məktubdan bu hissənin ətrafında da böyük müzakirələr açılıb:
"Azərbaycan xalqını ərazilərinin azad olunması münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, işğal olunmuş ərazilər üzərində Azərbaycanın suverenitetinin bərpası, İran və Azərbaycan araslndakı dövlət sərhəd xəttinin tam bərpası bölgəmizdə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək".

Bu mövzular ətrafındakı polemikalarda erməni istifadəçilərin 90%-i İranı "riyakarlıqda" ittiham edərək Paşinyanı dərhal ABŞ və Qərbin Tehrana qarşı tətbiq etdiyi sanksiyalarına qoşulmağa çağırırlar. Geridə qalanlar isə bunu Paşinyan diplomatiyasının iflası kimi qiymətləndirirlər.

Şahin Ömər
Azvision.az


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)