Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya
Şimal-Cənub dəhlizinin Azərbaycana faydası haqqında
Ölkəmizdə neftdən əldə olunan gəlirlərin ilk gündən etibarən, iqtisadiyyatın ən çox nəqliyyat sektoruna qoyulması, burada müvafiq infrastrukturun yaradılması heç də təsadüfi deyildi. Bu, strateji məqsəd daşıyırdı və həm də qeyri neft sektorunu sürətli inkişaf etdirməyə yönəlmişdi.
Ümumiyyətlə, nəqliyyat sektorunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının, o cümlədən, daxili dəmir yolu xətlərinin yenilənməsi və çəkilməsi kimi irimiqyaslı layihələr məhz, bu günə hesablanırdı. Xatırladım ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra bu layihəyə əvvəl barmaqarası baxanlar birdən-birə ağız dolusu tərif yağdırmağa başladılar. Çünki Azərbaycan bununla öz tərəfindən Avropa ilə Asiya ölkələri arasında yüklərin daşınması məsələsinə tranzit ölkə kimi böyük bir töhfə verdi.
Ümumiyyətlə, ölkəmizin bu sahədə bəxti çox gətirib. Rusiya, İran və Hindistanın təsisçisi olduqları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi də məhz Azərbaycanın varlığından və əhəmiyyətindən irəli gələrək, perespektivli bir layihə kimi ortaya çıxdı. Düzdür, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli Rusiya, İran və Hindistan arasında 2000-ci ilin 12 sentyabr tarixdə imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan isə buna 2005-ci ildə qoşulub. Sazişi 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) ratifikasiya ediblər.
Ancaq bu ölkələrin sırasında Azərbaycan sözügedən layihənin bilavasitə mərkəzi həlqəsini və ortaq düyününü təşkil etdiyindən, məhz ölkəmizin sayəmizdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi gerçək ola bilərdi və oldu da... Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yükləri daha qısa müddətə çatdırmaq idi. Qeyd olunan marşrut üzrə yükdaşımalar indiyədək 6-7 həftəyə başa gəlirdi, “Şimal-Cənub” dəhlizi isə bu vaxtı yarıyadək azaldacaq. Təbii ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində...
Şimal ilə Cənub arasında iqtisadi-ticari əlaqələr ən azı Rusiya kimi nəhəng bir dövlətlə Yaxın Şərq ölkələri arasında qarşılıqlı mal mübadiləsi, daşımalar və ticari əlaqələr deməkdir. Azərbaycan üzərindən keçən “Şimal-Cənub” dəhlizi alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı, xərclər baxımdan rəqabətqabiliyyətlidir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımalar hər il milyonlarla ton yükün Azərbaycandan tranzit yolu ilə keçəcəyi deməkdir. Bu baxımdan, Finlandiyanın Helsinki şəhərindən göndərilən ilk konteyner blok qatarının ölkəmizin ərazisindən keçərək, Hindistanın Nava Şeva limanına çatması əlamətdar hadisə idi. Bunu dünən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi birgə mətbuat konfransında dövlət başçımız İlham Əliyev də vurğuladı.
Konteynerlər yüklənmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus dəmiryolu platformaları ilə daşınır. "ADY Konteyner MMC" isə Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkətidir. Demək, müasir tələblərə uyğun çəkilmiş, həmçinin, yeniləşdirilmiş dəmir yollarımız ilə bərabər, bu sahədə fəaliyyət göstərən şirkətlərimiz də beynəlxalq səviyyəyə çıxır.
Bütün bunların Azərbaycana xeyir və səmərəsi nədən ibarət olacaq?
İlkin mərhələdə sözügedən dəhliz vasitəsilə 5 milyon, növbəti mərhələdə isə 10 milyon tondan artıq yük daşınacaq. Region ölkələri bunun xeyrini əyani gördükcə, rəqəm sözsüz ki, artacaq. Belə bir yolun üzərində yerləşmək və praktik olaraq, alternativsiz tranzit ölkə olmaq isə Azərbaycan üçün sözsüz, hədsiz dividendlər gətirəcək. Bu, əvvəla, milyonlarla dollar gəlir deməkdir, ikincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək yaranacaq. Üçüncüsü, regionda nəqliyyat mərkəzinə çevrilmək şanslarını bir az da dolğun şəkildə həyata keçirəcək. Dördüncüsü və bəlkə də ən vacibi isə, Azərbaycanın özü üçün gələcəkdə İran körfəzi ölkələrinə asan çıxmaq imkanı əldə olunacaq.
Ümumiyyətlə, sözügedən dəhliz tranzit potensialımızın reallaşdırılmasında, əlavə gəlirlər əldə etməyimizdə, yeni iş yerlərinin açılmasında, bütövlükdə Bakının regionda iqtisadi mövqelərinin daha da güclənməsində mühüm rol oynayacaq.
Və ən nəhayət... Ölkəmizdə son illər ərzində nəqliyyat infrastukturu sahəsində hansı işlərin görüldüyü bəllidir. Bütün bunlar Azərbaycanı böyük dəhlizə çevirib. Ancaq bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunacağı bu dəhlizə əlavə töhfə verəcək. Bu dəfə ölkəmizin hərbi gücünün diqtəsilə ərsəyə gələn töhfə. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 2020-ci ilin 10 noyabr razılaşması bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələrini bərpa edəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətin təşkili üçün təhlükəsizliyə zəmanət yaradacaq. Sözün qısası, Zəngəzur dəhlizi “Şimal-Cənub” dəhlizinin səmərəliliyinə və bundan xeyir götürəcək bütün ölkələrin iqtisadi inkişafına əlavə rəng qatacaq.
Pərviz Heydərov
Azvision.az
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Avrasiyaçılıq əvvəl-axır qələbə çalacaq
Valeri Korovin. "İmperiya ərəfəsində". Milli Təhlükəsizlik Konsepsiyasında geopolitik metod