Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / İqtisadiyyat-Analitika / Publisistika
23:24, 20 yanvar 2022
523
0

İqtidarda və müxalifətdə aparıcı vəzifə tutanlar qırğın olacağını bilirdi

Nadir Qocabəyli

20 Yanvar gecəsi ordunun xalqa divan tutacağı bəlli idi. Mənim kimi gənc və avam tələbələr bilməsək də, bunu bir çox adam bilirdi. Xüsusilə də, o zaman iqtirdarda və müxalifətdə aparıcı mövqe, vəzifə tutanlar. Səbəblər aşadakılardır:

1. Naxçıvanda Nemət Pənahlının və digərlərinin rəhbərlik etdiyi təxribat nəticəsində mövcud dövlətin - SSRİ-nin İranla sərhədləri sökülmüşdü. Bu elə-belə, üstündən keçiləsi hadisə deyildi. Sərhədi sökmək nə deməkdir. Təsəvvür edin, indi Azərbaycan dövləti haradasa sərhədlərinin sökülməsinə göz yumarmı? İnanmıram.

2. Cəlilabad, Lənkəran, Nefçala və bəzi digər rayonlarda AXC icra hakimiyyətlərini devirmiş, sovet hökümətini etibarsız elan etmişdi.

3. Bakıda erməni poqromları təşkil edilmiş, insan tələfatı olmuşdu...

Bunlar hamısı təxribat idi və məqsəd elə ordunu yeridib, bizi cəzalandırmaq, qırmaq, gözümüzü qorxutmaq idi. 

Bu təxribatları ABŞ kəşfiyyatı, KQB, sovet ordusu, bizim müxalifət və iqtidardakı adamlar birgə törədiblər. Hamısının rolu var. Və hərəsinin də öz məqsədi olub. Tutaq ki, ABŞ istəyirdi çaxnaşma salaraq, SSRİ-ni  dağıtsın, KQB xalq hərəkatına dini don geyindirib onu boğmaqla guya ölkənin dağılmasının qarşısını almaq istəyirdi, ermənilərdən və residivistlərdən təşkil olunmuş ordu sadəcə cəza aləti idi, iqtidardakılar hakimiyyəti qorumaq, AXC də hakimiyyətə gəlmək istəyirdi. AXC-nin arxasında hakimiyyətin bir qanadı da vardı... ABŞ ilə AXC-nin məqsədi sovet ordusunu təxribata çəkib, onun xilaskar imicini dağıtmaq idi. Buna nail oldular. Çünki satqın Qorbaçov da bunu istəyirdi. 20 Yanvara qədər heç bir sadə azərbaycanlı sovet ordusunun xalqa atəş aça biləcəyinə inanmırdı. Qurbanların sayının çoxluğu da bununla bağlıdır. Əminəm ki, şəhidlərin əksəriyyəti həyatı təəccüb içində tərk ediblər...

P. S. Naxçıvanda sərhədləri 1989-cu il dekabrın 31-də söküblər. 13 gündən sonra Bakıda Xəlil Rzanın, Vəkil Hacıyevin, Tahiri soyadlı bir mollanın və digərlərinin rəhbərliyi ilə poqromlar olub. 20 gün ərzində bəzi rayonlarda sovet hakimiyyəti devrilib. 20 gün sonra Bakıda ordu qətliam törədib. İndi 31 dekabr  Dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunur. Bu tarixi AXC hakimiyyəti rəsmiləşdirib. Sərhədlər isə sonradan bərpa olundu və hazırda yerindədir. Yaxşı bu sərhədi bərpa edəcəkdiksə, onu niyə sökür və ordunun dinc əhalini qırmasına rəvac verirdik? Biz indi də cənubdakı qardaşlarımızla bir çox məsələdə həmrəyik, amma sərhədi sökmürük və qanuni şəkildə gedib-gəlirik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)