Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
18:20, 13 noyabr 2021
468
0

İqor Korotçenko: Paşinyan bugünkü Şuşa terroruna görə izahat verməlidir


Rusiyalı hərbi ekspert deyib ki, bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır.

Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir.

Bunu Şuşadakı mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Politoloq qeyd edib ki, Daşaltı kəndində terror aktı törətmiş erməni terrorçu Azərbaycan tərəfinə təhvil verilməlidir.
"Biz bu gün qədim Azərbaycan şəhəri Şuşada olmaqdan məmnunuq. Bu gün biz sabitlik məsələlərini müzakirə edərkən Daşaltı kəndində terror aktı törədilib. Erməni terrorçu azərbaycanlı və rusiyalı hərbçilərə əl qumbarası atıb. Yaralılar arasında rusiyalı sülhməramlılar da ola bilərdi. Bəlkə bu, burada olan Rusiya nümayəndə heyəti üçün gizli təhdiddir. Hesab edirəm ki, erməni terrorçu Azərbaycan tərəfinə təhvil verilməlidir" - deyə, ekspert bildirib.

O, qarşısı alınmadıqca, belə hücumların gələcəkdə də baş verə biləcəyini deyib:
“Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə qoyan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Bu hücumun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır. Bu terror qruplaşmaları bədxassəli şiş kimidir. Bu xəstəlik artıq yan fəsadları verir. Belə hücumlar gələcəkdə də baş verə bilər. Odur ki, Qarabağda heç bir qanunsuz erməni silahlı birləşmələri qalmamalıdır. Biz qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirik. Əks halda, bu cür təxribatlar davam edəcək. Ermənistana qarşı vadaretmə tədbirləri görmək lazımdır. Bununla bağlı beynəlxalq reaksiya olmalıdır".

İ.Korotçenko məlum üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsi, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim etməsi üçün Ermənistana siyasi və iqtisadi vasitələrlə təzyiq göstərməyin vacibliyini diqqətə çatdırıb.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)