Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
01:24, 22 sentyabr 2021
465
0

Elşən Manafov: Putinlə Ərdoğan bir-birinə etimad edirlər


Rusiya prezidenti Putinin Suriyalı həmkarı Bəşər Əsədlə bir muddət əvvəl keçirdiyi danışıqlarda tərəflərin İdlib ətrafında vəziyyətlə bagli muzakirələri və əlbəttə söylənilən fikirlər rəsmi Ankaranı məmnun etməmişdi. Suriyalı həmkarı ilə söhbətində Suriyada vəziyyətin normallaşmasına mane olan faktorlar sırasında BMT nin raziligi və Suriya tərəfinin dəvəti olmadan burada xarici hərbi quvvələrin mövcudluğu barədə söylədiyi fikirlər birbaşa olmasa da dolayısı yolla Turkiyəyə aid idi.

Belə ki, Turkiyə silahlı quvvələri nin Suriya ərazisində həyata keçirdikləri əməliyyatlar Turkiyənin milli təhlukəsizlik maraqları baxımından anlaşılan olsa da beynəlxalq huququn normaları baxımından suveren və mustəqil dövlətin ərazisinə təcavüz aktı kimi də qiymətləndirilə bilər. Muqayisə bir qədər yerinə duşməsə də bu təcavuzkar Ermənistan dövlətinin Dağlıq Qarabağdakı separatçı rejimi qorumaq ucun Azərbaycana təcavuzu və bu zaman Dağlıq Qarabaga heç bir aidiyyəti olmayan torpaqları işgal altında saxlamaq istəyinə daha çox bənzəyirdi. Turkiyənin mövqeyi əlbəttə ki, aydın idi. Suriyadakı muharibə buradan milyonlarla insanların qaçqın duşməsinə, onların Turkiyə sərhədlərinə yigişmasina, hətta Turkiyəyə qeyri qanuni miqrasiya etməsinə səbəb olmuşdu ki, bu amil də Turkiyəni təhlukəsizlik, sosial, iqtisadi problemlər baxımından təhdid edirdi. Qərb tərəfindən maliyyələşdirilən və silalandirilan PKK və onun məlum qabadının isə açıq aşkar Turkiyəni təhdid etməsi və hətta Turkiyə torpaqları hesabına Kurdustan dövlətinin yaradıla biləcəyi ilə bağlı səsləndirilən fikirlər, sərgilənən mövqe əlbəttə ki, Ankaranı təhlukəsizlik tədbirləri görməyə və öz sərhədləri ətrafında bufer zona yaratmağa sövq edirdi. (Yeri gəlmişkən, erməni tərəfi də Dağliq Qarabağdan kənardakı torpaqları işgal etməklə bunun daha çox DQ nin təhlukəsizliyimə təmin etmək istəyi ilə izhar edir və yenə həmin torpaqların DQ ətrafında bufer zona oldugunu bəyan edirdi).

Ankara Suriyanın sərhədyanı bölgələrinə qoşun yeritməklə Suriya hökumətinin həmin ərazilərdə təhlukəsizliyik, sabitliyi təmin edə bilməməsi ilə bağlı amilləri qabardır və bu mənada hətta Suriyanın qanuni və legitim hakimiyyətinə qarşı vuruşan Suriya Azadliq Ordusunu maliyyələşdirməsi ilə bağli siyasətini əslində ört basdır edirdi.

Suriyadakı hökumətin insan haqlarına sayqısızlığı, guya ki, inzibati resurslar hesabına hakimiyyətdə qalması ilə bağli qərbpərəstlərin sayıqlamalarına qulaq inansaq, onda gərək Qərb bu sayaq yollarla hakimiyyətdə qalan bütün iqtidarlara, hakim zümrələrə qarşı eyni mövqeni tutmalıdır. Halbu ki, bunun belə olmadığını qərbpərəst opponentlərimiz gözəl bilirlər. Həm Səddam, həm də Qəddafi rejimlərinin devrilməsinin obyektiv zəruriliyi ilə bağlı nə Qərbin, nə də onun əlində dunyanı idarə etmək üçün geopolitik vasitəyə çevrilmiş BMT-nin səsləndirdiyi fikirlərin məlum rejimlərin devrilməsindən sonra heç bir gerçəkliklərə söykənmədiyi, təhrif olunmuş və beynəlxalq birliyi azdırmaq və çaşdırmaq uçun düşünüldüyü bütün çılpaqlığı ilə aşkar oldu. Bu olaylarda Rusiyanı ittiham edənlər isə nədənsə unudurdular ki, Suriyada hərbi anlamda təmsil olunan butun dövlətlərdən fərqli olaraq Rusiya buraya Suriya hökumətinin rəsmi razılığı və dəvəti ilə daxil olmuşdu və məhz bu hadisədən sonra anqlosaksların Suriyanın qanuni hökumətini devirmək, onu parçalamaq, Qərbin satellitinə çevirmək ucun federallaşdırmaq kimi məkrli və beynəlxalq huquqa zidd olan planlarının qarşısı alındı. 

Sual olunur: Məgər Qərb və hətta qardaş Turkiyə rəhbərliyinin özundə Suriyadakı gerçək vəziyyət barədə səhih, kəşfiyyat məlumatlarını özundə ehtiva edən məlumatlar yox idimi? Əlbəttə var idi. Məgər Suriyada Qərbin birbaşa maliyyə dəstəyi ilə başlayan və sonradan ərəb dünyasının yarısını bürüyən Ərəb baharında(əslində ərəb qışında) ərəb ölkələrində uzun müddət hakimiyyətdə qalan, lakin ABŞ in yeni dunya nizamı ilə bağlı geopolitik mahiyyət kəsb edən layihələrini böluşməyən liderlərin devrilməsi əsas niyyət və istək deyildimi?!

2011-ci ilə qədər Suriyada olan Avropalı turistlərin gündəliklərinə baxmaq və ya onların bu ölkə barədə fikirlərinə qulaq asmaq kifayətdir ki, Suriya barədə Qərbdə söylənilən fikirlərin gerçəklilərdən nə qədər uzaq olduğuna əmin olasan. Qardaş Turkiyədə də siyasi elitada bütün bu yazdıqlarımızdan xəbəri olanlar var idi. Lakin anqlosaksların təbliğatı görünür öz işini görmüşdü. Hərçənd rəsmi Ankaranın istər Suriya, istərsə də Liviyada yaşananlara beynəlxalq hüquq deyil, bir çox hallarda özünün dövlət maraqları baxımından yanaşması da göz qabağındadır.

Hər şey ABŞ-ın gülənçilər vasitəsilə Ərdoğan hökumətini hakimiyyətdən kənarlaşdırmaq istəyindən sonra dəyişməyə başladı. Maraqlıdır ki, bu barədə kəsfiyyat məlumatlarına istinad edən materialları Ərdoğana Putin çatdırdı. Bundan sonra hər iki dövlət, onların siyasi elitaları arasındakı munasibətlər artıq daha çox qarşılıqlı etimad və anlaşmaya söykənməyə başladı. Hətta bir sıra hallarda maraqlar üst-üstə düşməsə belə. Məsələn, Suriya, Liviya, hətta Cənubi Qafqazda belə maraqların ust ustə duşmədi anlar olsa da munasibət butun hallarda qarşılıqlı etimad müstəvisindən kənara çıxmayıb. Maraqlıdır ki, tərəflər arasında münasibətlərin məhz qarşılıqlı etimad müstəvisi uzərində inkişafında rəsmi Bakının, konkret desək Azərbaycan prezidenti İlham Əliyevin özunə məxsus rolu və xidmətləri olmuşdur və hər iki tərəf bunu ən yuksək səviyyələrdə etiraf edib.

Putinin özü də Ərdoğanın kişi kimi sözünün üstündə duran siyasətçi kimi xarakterizə etməklə rəsmi Ankara ilə munasibətlərdə hətta maraqların üst-üstə düşmədiyi hallarda belə iki dövlət arasındakı münasibətlərdə qarşılıqlı etimadın onun üçün əhəmiyyətli olmasını dilə gətirmişdir.
Ərdoğana gəlincə, Şuşa bəyannaməsinin imzalanmasından sonra tərəflər arasında hərbi əməkdaşlığın mahiyyət etibarı ilə yeni mərhələyə qalxması və hətta Azərbaycanda Turkiyə hərbi kontingentinin yerləşdirilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən Ərdoğan bunu əvvəlcə qardaşım İ. Əliyev Rusiyalı həmkarı Putinlə də razılaşdırmalıdır deməklə Rusiya ilə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyəti barədə özünə məxsus müdriklik və uzaqgörənliklə cavab vermişdi. Görünür yüksək tərəflər arasında münasibətlərdəki yüksək etimad və qarşılıqlı hörmət Azərbaycanın özundə belə bu gün də anqlosaksların dəyirmanına su tökənləri məmnun etmir. Onlar Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq, ölkədə antirusiya ovqatını gücləndirmək üçün stəkanda fırtına yaratmaq kimi bədnam əməllərindən əl çəkmək istəmirlər.

Turkiyənin Ukraynaya pilotsuz təyyarələr "bayraqdarlar" satması məhz antirusiya xarakterli addım kimi səciyyələndirir və bu zaman Turkiyənin bu anlaşmaya daha çox ona maliyyə baxımından mənfəət gətirə biləcək addım kimi yanaşdığını görməməzlikdən gəlirlər. Necə ki, Rusiya istədiyi dövlətlə silah alqı-satqısı ilə bağlı məsələlərə məhz bu rakursdan yanaşır. Deyək ki, Rusiyanın Hindistanda silah satışı ilə bağlı razılıqlarına rəsmi Pekində soyuqqanlı və huquq çərçivəsi baxımından yanaşırlar və bu zaman Çin vəHindistan arasındakı munasibətlərdə məlum problemlərə görə heç kimi, o cümlədən, Rusiyanı qınamır. Halbu ki, Turkiyənin Rusiyadan S-400 HHM sistemlərini aldığına görə ABŞ və NATO-nun Turkiyə ilə nə sayaq davrandığını hamı yaxşı xatırlayır. 

Qərbpəstlər Türkiyənin Rusiya ilə munasibətlərində guya ki, gərginliyin yüksələn xətt ilə bagli yeni mövzu da tapıblar: Ankara Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkilərin legitimliyini tanımır. Burada yenə də bulanıq suda balıq tutmaq istəyənlərin iradına heyran olmaya bilmirsən. Məgər Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayan, Krım probleminin Ukraynanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin tərəfdarı olan Turkiyədən bu məsələdə fərqli bir addım, yoxsa qərar gözləyirdiniz? Əsas olanı odur ki, Turkiyə umumiyyətlə Rusiyada Dövlət Dumasına, habelə digər regional idarəetmə orqanlarına keçirilən seçkilərin qanuniliyini və legitimliyini tanıyır və bu seçkilərin keçirilməsindən xeyli əvvəl anqlosaksların bəyan etdikləri mövqedən xeyli ferqli bir mövqedir. Bu gün isə dünyanın geosiyasi reallıqlarına munasibətdə məhz anqlosakslar arasında fərqli mövqe və baxışların yaranması istər beynəlxalq, istərsə də regional xarakterli problemlərin çözulməsində bu amilin nə qədər vacib və təsiredici gücə malik olması ilə bağlı gerçəkliklərin nəzərə alınmasını vacib edir. Türkiyə tarixinin bəzi məqamlarında bunu nəzərə almadı və bədəlini 1-ci Dünya Müharibəsinə sürüklənməklə ödədi, Osmanlı imperiyası xəritədən silindi.

Böyuk De Qoll bütün siyasi fəaliyyəti boyunca bunu nəzərə alırdı, ona görə israrla Böyuk Britaniyani Avropa Birliyinə yaxın qoymurdu. Yalnız De Qollun Fransada başlanmış tələbə hərəkatından sonra Britaniyanın Avropa Birliyinə üzvlüyü baş tutdu. De Qollu isə Fransaya məxsus qızıl kulçələrin ABŞ Federal bankından geri alınmasını tələb edən kimi hakimiyyətdən kənarlaşdırdılar. Məhz anqlosakslara qarşı dayanmaq üçün Stalinin israrlı mövqeyi ilə BMT nin Təhlükəsizlik Şurasında Fransa da yer aldı. Halbu ki, Fransa artıq 1940 ci ildə təslim olmuşdu və faşizm uzərində qələbənin əldə edilməsində onun dövlət olaraq heç bir ciddi rolu olmamışdı. Böyuk Britaniyanın AB dən çıxmaq barədə məlum qərarının da arxasında anqlosaksların Avropa düzəni ilə bağlı məlum niyyətləri olmuşdu, məhz bundan sonra AB-nin pessimist gələcəyi ilə bağlı fikirlər səslənməyə başladı.

Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələdə ABŞ və Britaniyanın daim yaxa cırmalarını da hamı yaxşı xatırlayır. Nəhayət Fransa prezidenti Makronun da bu məsələyə kifayət qədər diqqət yetirməməsi onun sələfi De Qollun bu kimi məsələlərdə daha uzaqgörən olmasının göstəricisi oldu. Əvvəl ingilislər Türkiyə silah satışında fransızları 2-ci yerdən sixişdiraraq özləri bu pillədə qərarlaşdilar. İndi isə yankilər Fransaya 66 milyardlıq bir layihədə ziyan vuraraq sualtı qayiqlarla Avstraliyanın təchizatını öz üzərlərilərinə götürdülər. Artıq bu dunyada beynəlxalq hüquqla bağlı məsələlərə böyuk güclərin beynəlxalq geosiyasətin reallıqları və tələbləri baxımından yanaşmaları siyasətlə məşğul olanların heç birində şübhə yaratmır. Təəssuf doğuran hal isə anqlosaksların böyük siyasətçilərindən sayılan U. Çörçilin "Böyük Britaniyanın əbədi dostları yoxdur, əbədi maraqları var" kəlamının siyasətlə məşğul olduqlarını söyləyənlərin unutmasındadır.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)