Flaş / Gündəm / Publisistika
16:44, 20 iyul 2021
327
0

Tofiq Yaqubluya cavab


Müxalifətimizin az da olsa ağıllı, vicdanlı saydığımız üzvlərindən olan Tofiq Yaqublu öz aləmində İlham Əliyevin xarici siyasətindən "oşibka" tutur və yazır:
"Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu iyulun 19-da Batumidə Birgə Bəyannamə imzalayıblar. Mərasimdə Avropa Birliyi Şurasının sədri Şarl Mişel iştirak edib. Bəyannamədə Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqına üzv olmağı qəti hədəf kimi müəyyənləşdirdiklərini və bu yolda birgə fəaliyyət göstərəcəklərini bildirirlər. İncəvara İlham Əliyev də boş dayanmayıb. O, elə bu ərəfədə  heç nəyə yaramayan Qoşulmama Hərəkatına sədrliyə növbəsi çatmış Uqandanın yerinə Azərbaycanın  daha bir il sədrlik etməsinə qərar verib.  Baxın və görün kimin səmti hayanadır".

Tofiq müəllim də digər ənənəvi müxalifətçilərimiz kimi rusofobdur. Ümumiyyətlə bizdə müxalifətdə nə qədər təşkilat varsa amerikan proyektidir deyə onun aparıcı simalarından belə bir mövqe əslində gözləniləndir. 

Tofiq müəllim(xətrinizə dəyməsin, bundan sonra bəy deyəcəm) geopolitikanı bilsə idi başa düşərdi ki, Qoşulmama Hərəkatı Amerikanın dünya ağalığına qarşı ən böyük alternativdir(yəqin elə Tofiq bəyə ən çox təsir edən də budur - Amerikanın nizamına alternativ olan nizamı qurmaq istəyən ölkərin birliyi)  Bu ölkələr ən azından geopolitik mübarizələr nəticəsində yaranmış hərbi bloklarda iştirak etmirlər. Doğrudur, bəziləri blokda olsa da faktiki olaraq hərbi münaqişələrdən kənardadırlar. Qoşulmama hərəkatı dünyanın ikinci böyük tbeynəlxalq təsisatıdır, onun qiqant dövlətlər olan üzvləri var. Dünyanın yeni doğan günəşləri, daha doğrusu yeni günəş doğan və doğacaq  qütbləri. Belə dövlətlərlə sıx əlaqələr qurmaq, bu əlaqələrdən qarşılıqlı fayda əldə etmək(birinə şahid olduq. Ermənistanın müharibə vaxtı Qarabağla bağlı BMT-də çıxartdığı hoqqalara məhz Qoşulmama hərəkatının üzvləri vasitəsilə qarşılıq verib o platformada qalib gəldik), bununla belə heç bir beynəlxalq münaqişədə iştirak etməməyin nəyi pisdir, a Tofiq bəy?! 

Sizə görə elə hamı Avropa birliyinə, NATO-ya getməlidir. Bəlkə biz bunu istəmirik? Biz dünyanın iki gücündən biri, ərazicə və sərvət baxımından ən böyük, 3 milyon həmvətənimizin işləyib ölkəyə pul göndərdiyi, qeyri-neft sektorunda ən çox ticari əlaqələrimizin olduğu, bizə ən çox silah satan, ən nəhayət 200 illik tarixi bağlılığımızın olduğu, hər iki dövlət başçısının dediyi kimi "strateji tərəfdaş" olduğumuz bir dövlətin - Rusiyanın geopolitik rəqibi, düşməni ilə bir səngərdə yer almaq istəmirik. 

Biz sizin ideoloji kumiriniz Ə.Əliyevin rəhbərliyi dövründə bu səhvi etdik, bədəlini ödədik və hələ də ödəyirik. İndi də siz o kumirinizin yolu ilə gedib bizi NATO-nun qucağına atmaq istəyirsiz. Onda isə Azərbaycan olmayacaq. 

Hərçənd bu sizin vecinizə də olmayacaq. "Dahi" rəhbəriniz "əgər Qarabağı İran alıb bizə qaytaracaqsa qoy ermənilərdə qalsın" fikrində idi. Yəqin siz də  "Azərbaycan NATO-da olmayacaqsa heç olmasın" fikrindəsiniz. 

Yox, Tofiq bəy! Bizim öz yolumuz var: Region dövlətlərindən, regionda və dünyada olan reallıqdan, öz ənənələrimizdən qopmamaq. Biz öz regionumuzla birlikdə addımlayıb inkişaf etmək istəyirik. Sizin ağalarınız isə gedib öz regionlarındakı işlərə burun soxub acları doyursunlar. Bizim onlara ehtiyacımız yoxdur. Biz onlarla heç vaxt dost ola bilmərik. Çünki biz kontinental qüvvələri, onlar isə dəniz qüvvələrini təmsil edirlər. Biz mahiyyət etibarilə rəqibik. Eyni səngərdə yer ala bilmərik. Biz yalnız və yalnız onların səngərinin qarşısındakı səngərdə yer ala bilərik.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)