Flaş / Dünya / Siyasət-Dünya
20:47, 17 iyul 2021
370
0

Putin Baydenə Əfqanıstanla bağlı gözlənilməz təklif edib


Putin Baydenə Əfqanıstanda vəziyyətə nəzarət üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə etmək təşəbbüsü ilə çıxış edib.


Rusiya Prezidenti Vladimir Putin Cenevrədə sammit zamanı amerikalı həmkarı Co Baydenə Əfqanıstan istiqamətində addımları koordinasiya etməyi təklif edib.  Bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Putin Baydenə Əfqanıstanda vəziyyətə nəzarət üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə etmək təşəbbüsü ilə çıxış edib. Məqsəd isə Rusiya bazalarında dronların istifadəsi ilə informasiya mübadiləsi olmalı idi. Mənbələrdən biri nəşrə bildirib ki, amerikalıların başqa bir məqsədi olmasaydı, yəqin ki bu təklifi qəbul edərdilər. Məlumatda bildirilir ki, ABŞ tərəfindən hələ də cavab gəlməyib.

Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad məsələni şərh etməkdən imtina edib. Kreml də bu məlumatı təsdiqləməyib.


Cenevrə görüşü

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyunun 16-da İsveçrədə baş tutub. Hər iki tərəfin fikrincə, görüş konstruktiv əhval-ruhiyyədə keçib: dövlət başçıları bəzi məsələlərdə ortaq məxrəcə gəlib və strateji sabitlik barədə məsləhətləşmələrə başlamağa dair fikir razılığı əldə olunub.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

Mənbə: Sputnik.az



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)