Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
17:22, 17 mart 2023
388
0

İranın mühasirəni yarması - Pekin, Tehran və Moskvanın qələbəsi

İran və Səudiyyə Ərəbistanı diplomatik əlaqələrin bərpasına dair saziş imzalayıb. Razılaşma Çinin fəal vasitəçiliyi və Rusiyanın iştirakı ilə mümkün olub. Yaxın Şərqdəki geosiyasi vəziyyət üçün saziş tarixi əhəmiyyət kəsb edir. Bu sazişin əhəmiyyəti barədə danışmaq istərdim

Saziş olduqca çox vacib sənəddir
Ər-Riyadla Tehran arasındakı münasibətlər 2016-cı ildə krallıq hakimiyyətinin tanınmış şiə ruhanisi Nimr əl-Nimri edam etməsindən sonra kəsimişdi. Buna cavab olaraq etirazçılar Səudiyyə Ərəbistanının İran paytaxtındakı səfirliyinə basqın etmişdilər. O andan etibarən bir-birini açıq ittihamlarla günahlandıran tərəflərin fikir ayrılıqları yalnız və yalnız artırdı. Normallaşma prosesi 2021-ci ildə Oman və İraqın vasitəçiliyi ilə başladı. Bir il yarım davam edən danışıqlar Pekində yekunlaşıb və orda birgə bəyanat imzalanıb.

İran-Səudiyyə razılaşmasının əhəmiyyəti,
birincisi, ondan ibarətdir ki, uzun müddətdən sonra ilk dəfə iki Yaxın Şərq dövləti ABŞ-ın iştirakı olmadan razılığa gələ biliblər. Buna qədər Vaşinqton regionun işlərində fəal iştirak edirdi, onun iştirakı olmadan heç bir məsələ həll edilmirdi. Digər tərəfdən, Oman və İraqın effektiv iştirakı nümayiş etdirir ki, yüksək səviyyədə qütbləşmiş ərəb dünyası Qərbin ənənəvi himayədarlığı olmadan da öz fikir ayrılıqlarını həll etmək iqtidarındadır. Bu iki ölkə arasında münasibətlərin bərpası post - Amerika Yaxın Şərqinin ilk böyük diplomatik nümunəsidir.

İkincisi, bu sənəd, regionda hər ay nüfuzu artan, təlatümlü Yaxın Şərqdə münaqişələri həll etmək bacarığını nümayiş etdirən Pekinin vasitəçiliyi ilə həyata keçirildi. Çin nəhayət fəal xarici siyasət yürütmək mərhələsinə keçdi və vasitəçi kimi həqiqətən ilk böyük uğurunu əldə etdi.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofis rəhbəri Vanq Yi bu vəziyyəti xüsusilə qeyd etdi. O dedi ki, "Çin böyük derjava kimi məsuliyyətini nümayiş etdirərək kəskin beynəlxalq problemlərin həllində konstruktiv rol oynamağa davam edəcək". Bundan əlavə, Çinin region ölkələrinin tezliklə xarici ölkələrin təsirindən çıxmasına ümid bəslədiyi bildirilib. "Çin həmişə hesab edib ki, Yaxın Şərqin gələcəyi Yaxın Şərq dövlətlərinin əlində olmalıdır".

Şərqə doğru geri dönüş
Yaxın Şərqdə istənilən nizamlanmanın kövrək olmasına baxmayaraq, ayrı-ayrı dövlətlərin suveren regional liderlik istəyi getdikcə daha da aydın nəzərə çarpır. Üstəlik, əvvəlcədən müəyyən edilmiş və rəsmiləşdirilmiş qaydalar əsasında. İran bir tərəfdən qonşularının iştirakı və Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə diplomatik yolla münasibətləri bərpa edir. Digər tərəfdən, dialoq yolu ilə o, Suriya probleminin həllində iştirak edir. Tezliklə Moskvada Rusiya, Türkiyə, İran və Suriya nümayəndə heyətlərinin görüşü planlaşdırılır.

Bundan əlavə, bir sıra ərəb mediası Tehran və Bəhreyn arasında diplomatik münasibətlərin bərpası mövzusunda aparılan danışıqlardan xəbər verib. Səudiyyə Ərəbistanı şahzadə Məhəmməd bin Salman Əl Səudun faktiki rəhbərliyi altında ölkənin xarici siyasətinin “Atlantik” vektoru “Avrasiya” ilə əvəzləndi və son iki il ərzində ardıcıl olaraq qonşuları ilə - Türkiyə, İsrail, Suriya - indi də İranla yaxşı münasibətlər qurur.

Əslində bu işdə ABŞ-ın apardığı dekonstruktiv, uğursuz siyasətin də rolu böyükdür. Ər-Riyad təhlükəsizlik və davamlı inkişaf sahəsində regional məsələləri həll etməyən ABŞ-ın hegemonluğundan yorulub. Münasibətlərin normallaşması bütün münaqişə yaradan məqamlarının birdən-birə aradan qaldırılması demək deyil. Söhbət gələcəkdə həlli mümkün olmayan o məsələlərdən yan keçərək mərhələli, ardıcıl hərəkatdan gedir. Səudiyyə elitası nə ABŞ-ın, nə də İsrailin maraqlarına uyğun olaraq İranla mənasız münaqişəyə cəlb olunmaq istəmir. Eyni zamanda, uzun müddət krallığın ən mühüm iqtisadi tərəfdaşı olan Çinin nizamlanmada daha qabarıq rol oynamağa hazır olması yeni amildir. Bu istək həm Tehranda, həm də Ər-Riyadda müsbət qarşılanır, çünki 2000-ci illərdə ABŞ-ın Yaxın Şərqdəki hökmranlığı həmin regionda mövcud olan problemlərin heç birinin həllinə səbəb olmayıb.

Qiymət tavanı Qərbin öz başına çökməyə başlayır
Bütün bunlar Qərbin neftin qiymət tavanı siyasətinin iflasa uğraması kontekstində baş verir. Martın 14-də Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud “Energy Intelligence”-ə müsahibəsində krallığın tədarük olunan yanacağın qiymətinə məhdudiyyətlər qoyan heç bir ölkəyə neft satmayacağını bildirib. Həmin gün Hindistanın Avropa “qiymət tavanı”na qoşulması ilə bağlı məlumatlar təkzib edilib. Bu, praktiki olaraq qoyulan məhdudiyyəti yararsız edir. Qiymət tavanı demək olar ki, işləmir. Praktikada, dünya qiymətinə endirimlə olsa da, çox vaxt tavandan yuxarı olsa da, böyük həcmdə satmağın bir çox yolu var. Bu kontekstdə neftin qiymətini bir barel üçün 80 dollardan yuxarı saxlamaq üçün qəbul edilmiş hasilatın azaldılması sazişləri üzrə OPEC+-in konsolidasiya edilmiş mövqeyi vacibdir. Buna görə də Səudiyyə Ərəbistanının bu bəyanatı qiymətlərin yüksəlməsinə töhfə verəcək deyə düşünürük.

Kontinental alyans formalaşıb
ABŞ-da bir neçə ildir ki, Tehran, Moskva və Pekin arasında müttəfiqlik barədə qorxular və bu qorxulardan doğan qayğıları ifadə edən fikirlər səsləndirilir. Bu müttəfiqlik tendensiya bir müddət  yalnız sırf ABŞ-ın sanksiyalarına əks-reaksiya kimi qəbul edilirdisə, indi bu daha çox sistem elementlərini ehtiva edir və daha çox imkanlara malikdir.

Çin və Rusiya vahid cəbhə kimi çıxış etdikləri üçün Çinin mövqeyinin Amerikanın maraqlarına vurduğu zərər tamamilə Rusiyanın maraqlarına uyğundur. Bu baxımdan, sözü gedən Sazişin Yaxın Şərqdə ABŞ-ın iştirakı olmadan bağlanan ilk sövdələşmə olması çox vacib hadisədir. Elə bu faktın özü ABŞ-ın regionda mövqeyinin nə qədər zəiflədiyini göstərir. Çin, Rusiya və İran arasındakı münasibətlər blok münasibətlərinə deyil, daha çox  qərarların qəbulunda bütün iştirakçıların müstəqil olduğu anti-Hitler koalisiyasına bənzəyir. Belə bir şəraitdə Si Cinpinin yaxın günlərdə Moskvaya səfəri xüsusi əhəmiyyət kəsb edir. Çox güman ki, bu görüşün sonunda veriləcək bəyanatlar həlledici əhəmiyyət kəsb edəcək.

Bu arada İran, Rusiya və Çin Oman körfəzində "Dəniz təhlükəsizlik kəməri - 2023" adlı birgə hərbi təlimlərə başlayıb. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, martın 16-dan martın 17-dək təlimin dəniz mərhələsi keçiriləcək, bu müddət ərzində iştirakçılar hərbi gəmilərdən ibarət millətlərarası dəstənin formalaşdırılması, birgə manevrlər və artilleriya atışlarını işləyəcəklər. Həmçinin əsir götürülmüş gəminin buraxılması, dənizdə qəza vəziyyətində olan gəmilərə yardımın göstərilməsi və bir sıra digər tapşırıqlar üzrə epizodlar da olacaq. Maraqlıdır ki, digərləri ilə yanaşı, Rusiya manevrlərdə "Admiral Qorşkov" esminetsi ilə təmsil olunur. O, Cənubi Afrika sahillərində Çin və Cənubi Afrika Respublikasının donanması ilə birlikdə iştirak etdiyi təlimlərdən qayıdıb. Başqa sözlə, Avrasiyada yeni ittifaqların, alyansların formalaşması dövrünü yaşayırıq.

Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)