Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
İran və Rusiya ticari əlaqələrinin yeni mərhələsində Azərbaycanın əhəmiyyəti
İran və Rusiya 2023-cü ildə ticari əlaqələrin yeni dövrünə qədəm qoyurlar. Belə ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Qalibaf bildirib ki, İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə 18 yanvar 2023-cü il tarixində azad ticarət sazişi imzalayacaq:
İran rəsmisinin sözlərinə görə, Tehran hələlik İttifaqla güzəştli ticarət sazişi əsasında mal mübadiləsi aparır. Aİİ həmçinin 500 növ İran malına tarif güzəştləri təqdim edib, İran isə ittifaq ölkələri üçün 400 növ malın siyahısını qeyd edib.
Növbəti addım sənədin Aİİ-yə daxil olan ölkələrin parlamentlərində, eləcə də İranın özündə ratifikasiyası olacaq.
İranın sənaye, mədən və ticarət naziri Seyyid Rza Fatemi Əmini qeyd edib ki, bu razılaşma İran və Rusiya arasında ticarət dövriyyəsini ən azı 2 dəfə artırmağa imkan verəcək.
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin məlumatına görə, 2022-ci ilin ilk 10 ayı ərzində ticarət balansı 4 milyard dolları ötüb.
Bundan əlavə, hələ iyul ayında İran tərəfi bildirmişdi ki, bu sazişin imzalanmasından sonra regional birliklərlə inteqrasiya kursunu davam etdirəcək və ŞƏT və BRİKS ilə yanaşı, Avrasiya İqtisadiİttifaqına da daimi üzvlüyə nail olmağa çalışacaq.
Beynəlxalq səviyyədə qütbləşmə prosesinin bu epizodu fonunda Azərbaycanın media məkanında baş verənləri izah etmək olur. Rusiya və İran sürətlə yaxınlaşır, faktiki strateji müttəfiqdirlər, beynəlxalq strukturlar üzrə inteqrasiya yolunu tutublar. Azərbaycanın bu iki böyük qüvvə arasında yerləşməsi onun atlantistlər tərəfindən həm İrana, həm də Rusiyaya qarşı istifadə edilməsi üçün ilkin şərtlər yaradır. Azərbaycan hakimiyyətindəki atlantistlər və ya onlara arxalananlar isə var gücləri ilə regionda qovğa çıxarıb istənilən üsulla Azərbaycanın bu düşərgəyə qatılmasına mane olmağa çalışırlar. Çünki Azərbaycan qatılmasa, həm Rusiyanın həm də İranın planları pozulur. Üstəlik, Qərb bizim vasitəmizlə şərqə doğru koridorunu saxlamış olur. Ancaq düşünürəm ki, başqa yolumuz yoxdur. Gec-tez bu düşərgəyə qoşulacağıq. Bu, mübahisə edilmir, dəyişilməzdir. Lakin bizi naraqlandıran başqa məsələ olmalıdır. Qərb buranın külünün havaya sovrulmasına razı olar, amma Avrasiya təşkilatlarına qoşulmağımıza yox. Odur ki, bizi o yoldan döndərməyin mümkün olmadığını dərk edəcəkləri an üçün hazırladıqları faciəli ssenari də var. Biz, yəni azərbaycanlılar bu ssenarinin baş tutmaması üçün çalışmalıyıq. Bu baxımdan, ölkə rəhbərliyinin üzərinə ağır yük düşür. Tarixi qərarlar verməli, addımlar atmalı olduğu bir vaxtda səhv etməməlidir. Ölkəsinin bugünkü səlamətini düşünməklə bərabər onun 100 il sonra da sabit və inkişaf edən ölkə olmasını təmin edən qərarlar verilməlidir. Atlantistlərin bizim üçün hazırladıqları ssenarilərin qarşısını almalı, onların fitnəsinə uymamalı, qomşularımız olan avrasiyaçı güclərlə konfrontasiyaya getməməli, əksinə, onlarda müttəfiqlik əlaqələrinin yaranmasına çalışmalıdır.
Mövzu linkləri: