Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
13:06, 21 sentyabr 2022
979
0

BÖYÜK MÜHARİBƏ BAŞLAYIR: ALEKSANDR DUQİNİN ƏSAS MƏQALƏSİ

Rusiyalı filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin 15 sentyabr 2022-ci il tarixində Rusiya ictimaiyyətində böyük marağa səbəb olan məqaləsini dərc etdi. O, məqalədə Rusiya cəmiyyətinin, dövlətinin Ukraynadakı xüsusi hərbi əməliyyata olan münasibətini, əməliyyatın fəlsəfi və dünya miqyasında əhəmiyyətini, səfərbərlik və özünün baş verənlərə münasibətini ortaya qoymuşdur. Filosofun fikrincə, artıq xüsusi hərbi əmliyyat dövrü başa çatmışdır, çünki Qərb Rusiyanı məhv etmək üçün müharibəyə başlamışdır. Rusiyanın isə bu müharibədə qalib gəlməkdən başqa yolu yoxdur. Azərbaycanda da oxucuların maraqla izlədiyi şəxs olduğunu nəzərə alıb Aleksand Qelyeviçin bu məqaləsini tərcümə etdik və sizə təqdim edirik. Beləliklə, Duqin yazır:

Son bir neçə gündə Ukraynada qüvvələr balansında ciddi dəyişikliklər baş verib. Bunu bütövlükdə nəzərdən keçirib dərk etmək lazımdır. Kiyevin əks-hücumları Xerson vilayətində uğursuz oldu, amma təəssüf ki, Xarkov vilayətində uğurlu oldu. Xarkov vilayətindəki vəziyyət və müttəfiq qüvvələrin məcburi geri çəkilməsi məhz dönüş nöqtəsidir. İndi vətənpərvərlərin psixoloji təsirlərini və təbii narahatlıqlarını bir kənara qoysaq, qeyd etmək lazımdır ki, xüsusi hərbi əməliyyatın tarixində geri dönüşü olmayan bir nöqtəyə gəlib çatmışıq.

İndi hamı vəziyyəti dəyişdirmək üçün fövqəladə tədbirlər görməyi tövsiyə edir və bu təkliflərin bir hissəsi kifayət qədər rasionaldır. Biz heç bir şəkildə orijinal görünməyə çalışmırıq, lakin ən fundamental məqamları və tövsiyələri ümumiləşdirməyə və onları qlobal geopolitik kontekstdə verməyə çalışacağıq.

III Dünya Müharibəsi

Biz Qərbin bizi təkidlə sövq etdiyi üçüncü dünya müharibəsinin astanasındayıq. Və bu artıq nə qorxu nə də gözlənti deyil – bu, bir faktdır. Rusiya kollektiv Qərblə, NATO və müttəfiqləri ilə müharibə aparır (Baxmayaraq ki, hamısı ilə müharibə aparmırıq. Məsələn, Türkiyə və Yunanıstanın bu barədə öz mövqeyi var və bir sıra Avropa ölkələri, ilk növbədə Fransa və İtaliya, o cümlədən, bəzi başqa dövlətlər, Rusiya ilə müharibədə fəal iştirak etmək istəmirlər). Lakin üçüncü dünya müharibəsi təhlükəsi getdikcə yaxınlaşmaqdadır.

Nüvə silahından istifadə edilib-edilməyəcəyi məsələsi açıq sual olaraq qalsa da, nüvə Armageddonu ehtimalı günbəgün artmaqdadır. Bu, tamamilə aydındır və bir çox Amerika hərbi rəisləri (ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı Ben Hoces kimi) bunu açıq şəkildə bəyan edirlər ki, Qərb bizim hərbi qüvvələrin keçmiş Ukrayna ərazisindən tamamilə çıxması ilə belə qane olmayacaq. Onlar “qeyd-şərtsiz kapitulyasiyaya” (Yens Stoltenberq), “de-imperializasiyaya” (Ben Hoces), Rusiyanın parçalanmasının vacibliyinə təkidlə israr edərək, bizi öz torpaqlarımızda məhv edəcəklərini açıq şəkildə bəyan edirlər.

1991-ci ildə Qərb SSRİ-nin dağılması və bizim ideoloji kapitulyasiyamızla, ilk növbədə, Qərb kuratorlarının rəhbərliyi altında Qərb liberal ideologiyasını, siyasi sistemini və iqtisadiyyatını qəbul etməyimizlə kifayətlənmişdi. Bu gün isə Qərb üçün qırmızı xətt suveren Rusiyanın, hətta Rusiya Federasiyasının sərhədləri daxilində belə mövcudluğunun özüdür.

Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki əks-hücumu Qərbin Rusiyaya birbaşa zərbəsidir. Hər kəs bilir ki, bu hücum ABŞ və NATO-nun hərbi komandanlığı tərəfindən təşkil edilib, hazırlanıb, təchiz edilib və onların birbaşa nəzarəti altında həyata keçirilib. Bu, təkcə NATO hərbi texnikasının istifadəsi deyil, həm də Qərbin hərbi kosmik kəşfiyyatının, muzdluların və təlimatçıların birbaşa iştirakı ilə təsdiqini tapır. Qərbin nəzərində bu, “bizim sonumuzun” başlanğıcıdır. Əgər Xarkov vilayətində nəzarətimiz altında olan ərazilərin müdafiəsində zəiflik nümayiş etdirdiksə, deməli, bizi yenə də davamlı olaraq məğlub etmək olar fikrindədirlər. Bu, Kiyevin xırda olmayan əks-hücum uğurudur. Bu, NATO-nun Drang Nach Osten qüvvələrinin ilk nəzərəçarpacaq uğurudur.

Əlbəttə ki, bunu müvəqqəti "texniki çətinliklər"lə əlaqələndirmək və vəziyyətin əsaslı təhlilini sonraya saxlamaq olar. Ancaq bu, yalnız baş verib qurtarmış bir faktın dərk edilməsini gecikdirəcək və nəticədə, yalnız özümüzün zəifləməmizə və ruhdan düşməmizə xidmət edəcək. Ona görə də, soyuqqanlılıqla etiraf etmək lazımdır: Qərb bizə müharibə elan edib və o, artıq bu müharibəni aparır. Biz bu müharibəni istəmədik və bu yolu seçmədik. 1941-ci ildə də faşist Almaniyası ilə müharibə etmək istəmirdik və sona qədər buna inanmadıq. Lakin indiki şəraitdə, bizə qarşı de-fakto müharibə aparılan zaman bunu istəyib-istəməməyin heç bir əhəmiyyəti yoxdur. İndi bu müharibədə Rusiyanın mövcud olma hüququnu müdafiə etmək üçün yalnız qalib gəlmək vacidir.

Xüsusi Hərbi Əməliyyatın sonu

Donbass və Novorossiyanın bir sıra ərazilərini azad etmək üçün başlanılmış məhdud əməliyyat kimi Xüsusi hərbi əməliyyat başa çatmışdır. O, tədricən Kiyevdəki terrorçu, nasist rejimin sadəcə alət rolunu oynadığı Qərblə tammiqyaslı müharibəyə çevrildi. Dünyada qüvvələr arasında mövcud geosiyasi tarazlığı dəyişməz saxlamaqla Kiyevi mühasirəyə almaq və Ukrayna faşistlərinin nəzarətində olan Novorossiyanın bir sıra ərazilərini azad etmək cəhdi, texniki əməliyyat kimi uğursuzluqla nəticələndi və bundan sonra özümüzü guya hələ də xüsusi hərbi əməliyyat aparırıq kimi göstərməyimiz sadəcə mənasızdır.

Bizim hər birimiz indi öz iradəmizə zidd olaraq müharibə vəziyyətindəyik və bu, Rusiyanın hər bir vətəndaşına aiddir: hər birimiz düşmənin, terrorçunun, snayperin, diversiya qruplarının hədəfiyik.

Eyni zamanda, vəziyyət belədir ki, istəklərimizdən asılı olmayaraq hər şeyi ilkin şərtlərə - 24 fevral 2022-ci ildəki vəziyyətə qaytarmaq mümkün deyil. Olub keçənləri geri qaytarmaq olmaz və bizim tərəfimizdən edilən hansısa güzəştdən belə qorxmaq lazım deyil. Düşmən yalnız bizim tam təslim olmağımızı, qula çevrilməyimizi, parçalanmağımızı, işğal etməyimizi qəbul edəcək. Yəni bizim sadəcə başqa seçimimiz yoxdur.

Xüsusi hərbi əməliyyatın sonu müasir Rusiyanın bütün ictimai-siyasi sisteminin dərin transformasiyalara ehtiyacı olması deməkdir. Ölkənin bütün - siyasət, iqtisadiyyat, mədəniyyət və informasiya sahələrinin hərbi relslərə keçirilməsi lazımdır. Xüsusi hərbi əməliyyat vacib şərt olaraq qala bilər, lakin Rusiyanın ictimai həyatının məzmununu təşkil edən yeganə anlayış kimi qalmamalıdır. Qərblə müharibə vəziyyəti hər şeyi özünə tabe edir.


İdeoloji cəbhə

Rusiya ideoloji müharibə vəziyyətindədir. Qlobalist Qərbin müdafiə etdiyi dəyərlər - LGBT, pozğunluqların, narkotiklərin leqallaşdırılması, insan və maşının eyniləşdirilməsi, nəzarət olunmayan miqrasiya zamanı total qarışma və s. – bunların hamısı onun hərbi-siyasi hegemonluğu və birqütblü sistemi ilə ayrılmaz şəkildə bağlıdır. Qərb liberalizmi ilə ABŞ və NATO-nun qlobal hərbi-siyasi və iqtisadi hegemonluğu vahid bir orqanizm kimidir. Qərblə vuruşmaq, eyni zamanda onun uğrunda bizə qarşı məhvedici müharibə apardığı dəyərlərini qəbul etmək(bəzilərini olsa belə) sadəcə olaraq absurddur.

Bu gün sözün tam mənasında öz ideologiyamız “faydalı olardı” əhəmiyyətində deyil. Əgər belə olmasa, öz ideologiyamız olmasa, biz məğlub olacağıq. Qərb bizə həm kənardan, silahlı və təlim keçmiş Ukrayna nasistlərinin vasitəsilə, həm də daxildən hələ də liberal olan beşinci kolonun əli ilə hücum etməyə davam edəcək, onların vasitəsilə gənc nəslin şüurunu və ruhunu məharətlə korlayacaq. Kimin dost, kimin düşmən olduğunu aydın şəkildə müəyyən edəcək öz ideologiyamız olmasa, demək olar ki, gücsüz vəziyyətdə olacağıq.
 
İdeologiya dərhal ümumi şəkildə ifadə edilməli və onun mahiyyəti Qərb ideologiyasının, qlobalizmin və totalitar liberalizmin bütün instrumental alt növləri ilə - neonasizm, irqçilik və ekstremizm də daxil olmaqla, tamamilə və birbaşa rədd edilməsindən ibarət olmalıdır.


Səfərbərlik

Səfərbərlik qaçılmazdır. Müharibə hamıya və hər kəsə aiddir. Lakin səfərbərlik çağırışçı hərbi qulluqçuların məcburi olaraq cəbhəyə göndərilməsi demək deyil. Bunu etməmək olar. Məsələn, lazımi güzəştlər və dövlət dəstəyi  ilə "Könüllülər Hərəkatını" formalaşdırmaq olar. 

Veteranlara, Novorossiya əsgərlərinə xüsusi dəstəyə önəm verməliyik. Şərq və Qərb ölkələrinin vicdanlı insanlarından anti-nasist, antiqlobalist beynəlxalq briqadalar yaratmaqdan çəkinməməliyik. Rusiya bunun tərəfdarı az olsa da xaricdə çoxdur.

Amma başlıca məslə rusları kiçik hesab etməməkdir. Biz qəhrəman xalqıq. Şanlı tariximizdə böyük qurbanlar bahasına olsa da dəhşətli dəfələrlə məğlub etmişik. Əgər yenə Qərbə qarşı müharibə populyarlaşsa, bu dəfə də qalib gələcəyik. Biz məhz xalq müharibələrində qalib gəlirik. Nəhəng xalqın iştirak üçün oyandığı və ayağa qalxdığı müharibələrdə.

Səfərbərlik həm də informasiya siyasətində tam dəyişikliyi nəzərdə tutur. Sülh dövrünün normaları (əslində, Qərbin əyləncə proqramlarının və yalnız cəmiyyəti korlayan strategiyaların kor-koranə şəkildə təqlid edilməsi) ləğv edilməlidir. Televiziya və ümumilikdə media müharibə dövründə səfərbərlik üçün vətənpərvərlik alətinə çevrilməlidir. Bütün konsertlər cəbhədəkilər üçün, arxada olan hər şey cəbhədəkilər üçün. Bu, artıq tədricən başlayır. Bu tendensiya indiyə qədər kanalların çox kiçik bir hissəsində müşahidə edilir. Ancaq hər yerdə belə olmalıdır.

Mədəniyyət, informasiya, təhsil, maarifçilik, siyasət, ictimai sektor - hər şey ancaq müharibə üçün, yəni Qələbə üçün işləməlidir.


İqtisadiyyat

İstənilən suveren dövlət dövriyyəyə ehtiyac duyduğu qədər milli valyuta buraxa bilər. Əgər o, həqiqətən də suverendirsə. Qərblə müharibə onun qaydalarına uyğun olan iqtisadi oyunları davam etdirməyimi mənasız edir. Müharibə dövrünün iqtisadiyyatı suveren olmaya bilməz. Qələbə qazanmaq üçün lazım olan qədər vəsait xərclənməlidir. Yalnız emissiya edilən pulların strateji məqsədlər üçün nəzərdə tutulmuş xüsusi çevrədə cəmlənməsini təmin etmək lazımdır. Belə şərtlər altında korrupsiya müharibə cinayəti ilə eyni cür qiymətləndirilməlidir.

Müharibə və rahatlıq bir araya sığmayan şeylərdir. Həyat məqsədi, orientir olaraq rahatlıqdan imtina edilməlidir. Yalnız məhrumiyyətlərə hazır olan xalqlar əsl tammiqyaslı müharibələrdə qalib gələ bilərlər.

Belə vəziyyətlərdə həmişə məqsədi dövləti xilas etmək olan yeni iqtisadçılar qalaktikası meydana çıxır. Bu, hər şeydən vacidbir. Doqmalar, məktəblər, metodlar və yanaşmalar ikinci dərəcəli məsələlərdir.

Yalnız belə bir iqtisadiyyatı səfərbərlik iqtisadiyyatı və ya sadəcə hərbi iqtisadiyyat adlandırmaq olar.


Bizim müttəfiqlərimiz

İstənilən müharibədə müttəfiqlər mühüm rol oynayır. Bu gün Rusiyanın müttəfiqləri çox deyil, lakin var. Söhbət ilk növbədə birqütblü liberal Qərb nizamını rədd edən ölkələrdən gedir. Yəni çoxqütblülük tərəfdarlarından - Çin, İran, Şimali Koreya, Serbiya, Suriya, Mərkəzi Afrika Respublikası, Mali, həmçinin müəyyən dərəcədə Hindistan, Türkiyə, bir sıra İslam, Afrika və Latın Amerikası ölkələrindən ( ilk növbədə Kuba, Nikaraqua, Venesuela) gedir.

Onlarla işləyərkən bütün resurslardan istifadə etmək lazımdır, təkcə peşəkar deyil, xalq diplomatiyasını səfərbər etmək lazımdır. Bunun üçün isə yenə də ideologiya lazımdır. Biz müttəfiqləri inandırmalıyıq ki, biz qlobalizmdən və Qərb hegemonluğundan dönməz şəkildə qırılmağa qərar vermişik və çoxqütblü dünya qurmaq üçün bütün yolu keçməyə hazırıq. Burda ardıcıl və qətiyyətli olmalıyıq. Kompromislərin dövranı keçdi. Qərbin Rusiyaya qarşı müharibəsi bəşəriyyəti barrikadaların müxtəlif tərəflərinə bölür.


Mənəvi amil

Başlayan bu qlobal qarşıdurmanın mərkəzi məsləsi mənəvi, dini aspektdir. Rusiya Allahla müharibə aparan, din əleyhinə olan- Allah, Kilsə, Ailə, cins, insan kimi mənəvi dəyərləri və onların əsaslarını məhv etməyə çalışan sivilizasiya ilə müharibə aparır.  Pravoslavlıq, ənənəvi İslam, Yəhudilik, Hinduizm və ya Buddizm, onlar üzərində qurulan bütün mədəniyyətlər Allahın varlığını, insanın yüksək mənəvi və əxlaqi ləyaqətini etiraf edir, ənənələr və dövlət, ailə, icma institutları ilə hesablaşır. Müasir Qərb isə bütün bunları virtual reallıq, marjinal fərdilik, cinslərin məhv edilməsi, bəşəriyyətə ümumi nəzarət, totalitar "imtina mədəniyyəti" ilə dəyişməklə məhv edir.

Ukraynada açıq satanizm və əsl irqçilik çiçəklənir və Qərb bu prosesi yalnız dəstəkləyir.

Biz bu gün pravoslav ağsaqqallarının "Antixristin(Dəccalın) sivilizasiyası" adlandırqdıqları bir sivilizasiya ilə müharibədəyik. Buna görə də Rusiyanın rolu bu həlledici döyüşdə müxtəlif konfessiyaların möminlərini birləşdirməkdir.

Bütün dünyanın düşməninin sizin evinizi məhv etməsini, ərinizi, oğlunuzu öldürməsini gözləməyin ... Nə vaxtsa çox gec olacaq. Allah bizə belə bir vaxtın gəlib çatmasını nəsib eləməsin.

Düşmənin Xarkov bölgəsindəki hücumu məhz bunun başlanğıcıdır - bizə qarşı tammiqyaslı müharibənin başlanğıcı.

Qərb bizi məhv etmək üçün müharibəni – üçüncü dünya müharibəsini başlamaq niyyətində olduğunu nümayiş etdirir. Bu hücumu dəf etmək üçün xalqımızın bütün potensialını toplayıb ortaya qoymalıyıq. Hər vasitə ilə - düşüncə, hərbi güc, iqtisadiyyat, mədəniyyət, incəsənət, dövlətin bütün strukturlarının və hər birimizin daxili səfərbərliyini həyata keçirməliyik

Tərcümə: Cəmil Şirvanov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)