Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
13:05, 01 avqust 2022
415
0

Qafqazdan qızılgül qoxulu bir Mişa keçdi...

Türkan Cəfərzadə

Gəlin, güllərlə bəzəkli bölgənin rəngli(!) keçmişinə maraqlı bir tur ataq. Qızılgüllərin xətrinə yazıya romantik şəkildə keçid edib, romantik bir şəkildə də bitirəcəm.

Əsdi xəzan yeli, payız yetişdi,
Bağların əhvalı tamam dəyişdi.
Küləklər taladı bağçanı, bağı,
Söndü al güllərin yanar çırağı.

Atlantik bağçasında payız başladı, yarpaqlar bir-bir tökülür və Sorosun allı-güllü inqilablarının yanar çırağı sönməyə davam edir.
ABŞ-ın əsl siması başlanğıcdan etibarən hər zaman eyni olmuşdur. Onun dərdi heç bir zaman hər hansısa bir dövlətin problemləriylə məşğul olmaq, onları həll etmək olmadı. Yəni, ABŞ sadəcə içəridə istifadə edə biləcəyi bir oyuncaq axtarar, işinə yaradığı müddətcə arxasındaymış kimi davranar və işi bitdiyində həmin o oyuncağı öz əlləriylə zibilə atar.

Və Amerika bu taktikasını Mərkəzi Asiyada da, Yaxın Şərqdə də, Cənubi Qafqazda da eynilə tətbiq etdi. Bu gün Ukraynada da bunu yerinə yetirdiyini aydın bir şəkildə uzun müddətdir izləyirik.

Bir qədər geriyə getdiyimizdə də o məşhur taktikanın heç dəyişmədiyini rahatlıqla görürük.
Washington, məsələn, SSRİ-ni Əfqanıstanda məğlub etdiyindən əmin olduqda, Əfqanıstana dərhal arxasını dönmüş və ölkənin xaotik bir vəziyyətə sürüklənməsinə tamaşa etmişdi.

ABŞ bəs bu taktikaları, oyuncaqları nə deyə istifadə edir? 
NATO-nun varlığı SSRİ dağıdıldıqdan sonra ortadan avtomatik qalxmış sayılmalıydı. Bəs "soyuq müharibə" bitdikdən və ABŞ tək kapitan olduqdan sonra NATO-nun davam edən yayılma politikası nəyi hədəfləyirdi?
NATO şərqə doğru genişlərkən, bunun Rusiya üçün qırmızı xəttin keçilməsi anlamına gəldiyini bilməmiş ola bilərdimi?
NATO gələcəkdə Ukrayna və Gürcüstanı da içinə qatmaq niyyətini bəyan etdiyində,  Rusiya bununla qırmızı xəttinin aşıldığını açıqca ifadə etməmişdimi?

Xatırlayaq.
NATO-nun 2008 zirvəsindən öncəki həftələrdə Vladimir Putin ABŞ diplomatlarına "Ukraynanı ittifaqa daxil etməyin Rusiyaya qarşı düşməncə bir hərəkət olacağı" məsələsində xəbərdarlıq etmişdi.
Amma, NATO-nun 2008-ci ildə keçirilən "Buxarest Zirvəsi"ndə Gürcüstana və hətta, Ukraynaya üzvlük təklif edilmişdi.

Sonrasını da xatırlayaq.
Aylar sonra Rusiya buna cavab olaraq Gürcüstan ilə müharibəyə girmiş və Rusiyanın maraqlarını qarantiya altına almaq üçün lazım gələrsə, güc istifadə etməkdən də çəkinməyəcəyinin canlı və sərt bir nümunəsini göstərmişdi.
Ancaq, nə Gürcüstan, nə də 2014-cü il, bugünkü Ukraynaya, daha doğrusu, içəridəki oyuncaqlardan biri olan Zelenskiyə dərs olmadı və tərəfini yenə ABŞ və Avropa Birliyindən yana seçərək vəziyyəti hazırkı acınacaqlı bir hala gətirdi.
Həqiqət budur ki, Qərb Rusiyanın sadəcə NATO ölkələrini deyil, bütün dünyanı yox edə biləcək nüvə silahlarına sahib olduğunu çox yaxşı bilir. ABŞ ilə müqayisədə Rusiyanın nüvə gücündə daha irəli olduğunu media ilə uyudulan insanlar bilməsə də, başda ABŞ olmaqla, Qərb dünyası çoxdan anlamışdı.

Odur ki, Sorosun "rəngli inqilabları"nın dövrəyə niyə soxulduğu da yaxşı anlaşılmış olmalıydı.
Qərbin rəngini və necə yeridiyini hakimiyyətə gələndən bəri xronoloji və sistemli bir şəkildə təhlil edən, prosesləri xüsusi aramla izləyən Putin Ukraynadakı  "Narıncı" inqilabda, Qırğızıstandakı 2005 "Zanbaq" inqilabında və Özbəkistanın Andican şəhərindəki 2005 siyasi protestolarında ABŞ-ın, əslində, kimi hədəf aldığını və nə etmək istədiyini dəqiq kəsdirmişdi və yaddaşına həkk etmişdi.
Yəni, bu "rəngli inqilablar"ın Rusiyanın regional təsirini zəiflətmək və beləliklə, Vaşinqtonun gerçək məqsədinin Moskvanın özündə rejim dəyişikliyi etmək olduğunu Kreml çoxdan analiz etmişdi. Bunun nəticəsində artıq rəsmi Moskva ABŞ hegemoniyasının ən təhlükəli təzahürləri olaraq gördüyü addımlarına qarşı hərəkətə keçməyə qərar vermişdi.

ABŞ mərkəzli Soros çevrilişlərinə qarşı rəsmi Moskvanın həyata keçirdiyi strategiya daşları necə hörülmüşdü bəs?
Moskva, öncəliklə Çin və BRICS (Brazilya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) kimi yüksələn güclərlə yanaşı, İran və Venesuela kimi daha açıq və dəqiq bir şəkildə Amerika əleyhdarı politikalar izləyən, Rusiya ilə eyni və ya bənzər narahatlıqları və şikayətləri paylaşan dövlətlərlə münasibətlərini gücləndirdi.

Və ABŞ bundan sonra Putini Rusiyanın əvvəlki gücünü və prestijini qazanmaq istəyən "intiqamçı bir güc" olaraq adlandırmaqdan vaz keçmədi və politikalarını da ona görə daha sürətli bir şəkildə tənzimlədi.
Yəni, NATO-nun Putinin xəbərdarlığına baxmayaraq, şərqə doğru genişlənməkdən geri addım atmaması da yüksələn Putin Rusiyasının əlini və ayağını toplamaq siyasətiydi, əslində.
Bir az daha səmimi ifadə etsək, zehinlerindəki basdırılmış rus qorxusunun çölə vurmuş təzahüründən başqa bir şey deyildi, artıq bütün addımlar. Rusofobiya qanlarına işləmişdi.

Putinin son hədəfi nə idi bəs? 
Hər halda Rusiyanı yenidən böyük güc halına gətirərək ölkəsini daha irəli daşımaq və çürümüş Qərb dəyərlərinin ölkəsinə sirayət edərək rus "milli kimliyi"nin yox olmasına qarşı çıxmaqdı, təkqütblü, istismarçı, talançı amerikan imperializmini çoxqütblü normal dünya ilə dəyişdirməkdi. 
Alınırmı?

Proses göstərir ki, Putin "intiqamçı güc" statusunu daha da irəli daşıya biləcək.
Atlantik cəbhəsindən tək-tək ayrılan yarpaqlar ABŞ-ın tək kapitan olduğu dünya gəmisinin içərisinin çoxdan su ilə dolub yavaş-yavaş Asiya-Pasifikdə batışını xarakterizə edir.
Cənubi Qafqazda solub yerə düşən və rüzgara qapılıb uzaqlara sovrulan "Qızılgül inqilabı" qəhrəmanı "sevimli" Mişanın da gəmidən ayrılması bu qəbildəndir. Yəni, Putin onu taxtından etmək istəyən kuklaları tək-tək kənara ataraq arxasından əl eləməyə davam edir.

Yazının sonunu da əvvəli kimi romantik edək.

"Güllərin yerini tikanlar almış,
Yarpaqsız, meyvəsiz bağlar boş qalmış."

Qızılgülü sevdin, tikanına da təkbaşına qatlanmalı olduğunu öyrənmiş oldunmu, nəhayət, görəsən?

Güllə gəldin, gülünlə gülə-gülə get, Mişa!

Növbəti yarpaq tökülməsini seyr edək... Zelenskiyə hələ də gülün tikanları yaxşı batmayıb, görünür...


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)