Flaş / Dünya / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Azərbaycan
18:16, 26 iyun 2022
507
0

RUSİYA İLƏ BİR OLMALIYIQ

Nadir Qocabəyli

Həmişə düşünmüşəm ki, bizi bu bataqlıqdan  nə Amerika, nə Avropa, nə Rusiya, nə Türkiyə, nə də İran çıxara bilməz. Onların heç birinin belə istəyi, arzusu da yoxdur. Hamısının öz maraqları var burada və bunu təbii qəbul etmək lazımdır.

Biz də öz maraqlarımızdan çıxış edərək, onların hər birindən, yaxud hər hansı birindən öz xeyrimizə istifadə etməyi bacarmalıyıq.

Mən bu məsələdə birinci yeri Rusiyaya verirəm. Çox düşünmüşəm, vurmuşam-çıxmışam, hesablamışam və görmüşəm ki, bizə ən sərfəlisi Rusiyadır. Ona görə yox ki, onlar ən yaxşı oğlanlardır. Bəli, bu da var, onlar həqiqətən digərləri ilə müqayisədə daha ədalətli, üzüyola, mərd, səxavətli, geniş ürəklidirlər. Ancaq əsas məsələ budur ki, onlar bizə ən sərfəlisidirlər.

Bunu həm tarixi təcrübədən anlamaq mümkündür, həm də düşünərək, elmi, siyasi-qitisadi, mədəni, coğrafi analizlər apararaq. 

Dəfələrlə yazmışam, bu format bizə inkişaf vəd etmir. Çünki balaca, arxasız, gücsüz olduğumuzdan daimn tapdaq altında olacaq, hamıya hesab, xərac verməyə məcbur ediləcəyik. Bizə hökmən böyük güclərdən birinin, bəli, məhz birinin himayəsini qəbul etmək, ondan sonra elmi şəkildə ona inteqrasiya olunmaq lazımdır.

Bu inteqrasiya necə baş verməlidir? Azərbaycanlılar olaraq böyük Rusiyanın ictimai-siyasi, elmi-mədəni həyatında, ordusunda, dövlət strukturlarında maksimum dərəcədə ciddi mövqelər qazanmalı, həm də azərbaycamlı qalmağı bacarmalıyıq. Misal olaraq, ermənilərin Rusiya KİV-ində, mədəni həyatında böyük paylarının olduğunu göstərə bilərik. Bunu bacarsaq, bundan Azərbaycan da öz nəsibini alacaq. Eləcə də, əqidələrindən başqa hər şeylərini dəyişməyi bacaran yəhudilərdən müsbət mənada çox şey öyrənmək olar. Ancaq təbii ki, həm ermənilər, həm də yəhudilər qədər düşmən qazanmamaq şərtiylə.

Yox, getdikcə özümüzə daha çox qapansaq, yalnız anti-erməni ritorikasını, siyasətini prioritetə çevirsək, getdikcə elə bir bataqlığa düşəcəyik ki, oradan çıxmaq mümkün olmayacaq. Erməni məsələsini həll etməyin əsas yolu onlarla barışmaq və dil tapmaqdır. Biz onlardan böyük və güclüyük. Böyüklər isə adətən  özlərini daha təmkinli, ağır aparırlar. Bu bizə çox lazımdır. Əks təqdirdə ölü nöqtədən tərpənə bilməyəcəyik.

Bəli, arada böyük düşmənçilik var, çoxlu qan tökülüb, bu faciə üzərində siyasət quranlar, hakimiyyətə gələnlər, gəlmək istəyənlər, çoxlu pul qazananlar, qazanmaq istəyənlər var. Ancaq bütün millıətin mənafeyini nəzərə almaq və irəli baxmaq lazımdır. Özü də elə olanlardan nəticə çıxararaq. Bu siyasət bataqlıqdır, ölüm-itimdir, daimi yoxsulluq, qorxu içində yaşamaq, rəzalət, bir-birimizi didməkdir...

Mən sovet ordusunda xidmət edərkən orada azərbaycanlıların mövqeyinin çox zəif olduğunu gördüm. Anbardar-praporşik-filan... Bu kimin günahı idi? Deyəcəksiniz ki, ruslar bizə imkan vermirdi. Yalandır! Rus sənə gəl keç yuxarı başa, general ol deməli deyildi ki. O da sənin nəyə qadir olduğuna, nə istədiyinə, nəyə yaradığına baxırdı. Şəxsən mənə qalıb xidmət etmək, oxumaq təklif olundu. Ancaq qəbul etmədim. Bilirsinizmi niyə? Ona görə ki, o təfəkkürün yiyəsi deyildim. Azərbaycana rəhbərlik edənlər bu sahədə heç bir addım atmamış, respublikada gənclərə hərbi-vətənpərvərlik ruhu aşılanmamışdı. Bizdə əsas üç şeyə meyil vardı: 1. hüququ qurtarıb, rüşvətxor prokuror olmağa; 2. tarixi qurtarıb, rüşvətxor raykom işçisi olmağa; 3. ədəbiyyatı qurtarıb, tanınmış yazıçı, şair olmağa. Mən üçüncünü seçdim, ən azından vicdanlı, təmiz yaşamaq perspektivi vəd etdiyi üçün. Bizim resbublikada heç vaxt elm, əsl sənət, hərb işi, texnologiya təbliğ olunmayıb. Yalan imtisaiya siyasəti aparılıb. Şairlik, aşıqlıq, manıslıq, bir də alver təbliğ olunub. Təəssüf ki, indi də davam edir...

Ermənilər Qarabağ məsələsini ona görə bu səviyyəyə gətirib çıxara bildilər ki, onlar Moskvada çox mühüm mövqelərə yiyələnməyi bacarmışdılar. Elə Parisdə, Vaşinqtonda da... Amma biz daim Kremli günahlandırırıq. Halbuki Kreml bu məsələdə daim bizim tərəfimizdə olub. Hətta hər gün söydüyümüz Qorbaçov da. Moskvanın ermənilərin xeyrinə olan bir dənə rəsmi qərarı yoxdur. Qeyri-rəsmi məsələlərdə isə erməni lobbi və diasporunun mühüm rolu olub...

Hazırda Rusiyanın bütün millətlərdən olan peşəkar, yüksək hazırlıqlı kadrlara ehtiyacı var. Bu işdə iştirak etmək lazımdır. Amma biz neynirik? Deyirik ki, rus məktəblərini bağlayaq. Tamamilə yanlışdır.

Rusdillilərimiz də hara çatırlar erməniləri pisləyirlər. Moskva televiziyalarında milli, periferik vətənpərvəlik nümayişi bizə xeyirdən çox ziyan gətirir. Ola bilsin ki, kütlə sənə əl çalır, amma bu bizi bir millət olaraq qlobal miqyasda bütün post-sovet məkanında cılızlaşdırır. Məncə, Çingiz Abdullayev kimi yazıçı erməni məsələsinin fövqündə dayanmalı və onları özümüzə düşmən saymadığımızı, kiminsə onları buna təhrik etdiyini, ancaq onbların da içəırisində ağıllı adamlar olduğunu deməlidir. Bax o zaman biz həqiqətən qlıb olacağıq.

Bizim mübarizəmiz ermənilərə qarşı yox, daha böyük hədəflər uğrunda olmalıdır. Əgər böyük hədəflərə doğru getsək, erməni məsələsi onun içərisində öz-özünə əriyəcək. Bunun üçün konflikti durdurmalıyıq.

Erməni ritorikası bizi kiçildir, xırdalayır, böyük hədəflərdən yayındırır. Mən düşünürəm ki, biz ruslara qoşulub, onlarla birlikdə qlobal məsələlərdə rol almalı, geopolitik problemlərin çözümündə iştirak etməliyik.

Gəlin etiraf edək, Stalin də, Heydər Əliyev də, Eduard Şevardnadze də, Ruslan Xasbulatov da Moskvada işləyərkən daha nüfuzlu, daha sanballı, daha hörmətli olublar. Onlar daha böyük problemlərlə məşğul olduqları zaman öz xalqlarına da daha çox xeyir veriblər. Çünki bizim xeyrimiz heç də qlobal məsələlərdən kənarda deyil. Elə ziyanımız da. Qlobal, böyük siyasətdə olmasaq, kiçik şeylərlə başımızı çox qatacaqlar və heç vaxt böyüməyəcəyik.

Çox şüarçılığa da gərək yoxdur. Gurultulu millətçilik, vətənpərvərlik birmənalı olaraq xırda maraqlara xidmət edir. Millətin alqışlarını qazanmaq yox, taleyini, gələcəyini düşünmək, bunun üçün çalışmaq lazımdır...
Bunun yolu isə ancaq Rusiya ilə bir olmaqdan keçir...

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)