Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
17:22, 28 iyul 2021
666
0

Azərbaycan-Türkiyə birgə ordusunu qurmaq mümkün deyil


Cəmil Şirvanov 

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntopun dünən Gəncədə keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycanla birgə türk ordusunu yaratmaq barədə danışıqlar apardığı barədə fikirlər səsləndirdiyi tirajlanır. Deyilir ki, O həm də qeyd edib ki, “Bizim ideyamız “Bir millət iki dövlətdir” və bununla bağlı indiyə qədər çoxlu danışıqlar və razılaşmalar həyata keçirilmişdir”. Lakin bir az əvvəl bunun təkzibi ilə bağlı xəbərlər də yayılmağa başladı. Yəni Şəntopun belə söz demədiyi, deinformasiya olduğu bildirilir. Bəlkə də bu bir təxribat, ya da əhalinin reaksiyasını yoxlamaq üçün edilmiş gedişlər idi. Olsun. Biz belə bir fikrin önəmli məsələ olduğunu dərk edərək öz fikirlərimizi bildirmək istədik. 

İlk növbədə bu sözlərdən ekstaza gələnlərə deyim ki, şişirdiləsi heç nə yoxdur. Başda dövlət başçısı Rəcəb Tayib Ərdoğan olmaqla Türkiyə siyasətçilərinin çıxışlarında söylədikləri ilə gördüyü işlər arasında xeyli fərqlər mövcuddur. Onların müxalifətçiləri də eyni cürdür. Elektorat olan türkiyəlilərlə populizm, pafos dilindən başqa cür danışmaq olmur. Onları başqa cür öz tərəfinə çəkə bilməzsən. Hətta futbolçuları belə “qaz”la oynayır. 

Mustafa Şəntopun dediyi sözlərə gəldikdə, onu deyə bilərəm ki, biz həqiqətən də Türkiyə ilə strateji əməkdaşlıq, dostluq edən ölkəyik. Hər nə qədər yaxın milli və dini bağlarımız olsa da bu dostluğun və əməkdaşlığın motivasiyasında “bir millət iki dövlət” ideyası durmur. Sırf qarşılıqlı faydalanmaq əsasında yaranmış münasibətlər durur. Kimin necə düşünməsindən asılı olmayaraq dövlət idarəetməsini həyata keçirən şəxslər belə düşünmür. Onlar dövlət maraqlarından, bəzən isə şəxsi maraqlarından çıxış edərək hərəkət edirlər. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin iki başlıca tərəfi olduğu kimi geniş anlamda iki aspekti var.

Türkiyə aspekti

Türkiyə tərəfdən məlum olan aspekt budur ki, Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin suverenliyi əvvəlki illərə nisbətən xeyli artmışdır. Bundan ilhamlanan Türkiyə hökuməti isə Osmanlı imperiyasının keçmiş sərhədləri çərçivəsində təsirini bərqərar etmək istəyir. ABŞ-ın bu işdə Türkiyəyə hər zaman və hər yerdə dəstəyi olmasa da bəzi yerlərdə dəstəyinin olması aşkardır və bu Türkiyənin xarici siyasətindəki uğurlarında mühüm rol oynayır. Enerji resursları olmayan Türkiyə üçün Azərbaycan nefti və qazı həyati əhəmiyyət kəsb etdiyi üçün Türkiyənin son 30 ildə ölkəmizə yaxınlaşaraq təsir gücünü artırması başa düşüləndir. Bu işdə ABŞ da ona kömək oldu. Türkiyə NATO ölkəsi olmaqla 90-cı illərin Çeçen müharibəsində Rusiyaya qarşı aparılan Çeçenstan şəbəkə müharibəsinin əsas oyunçularından biri olduğu üçün ABŞ çeçen separatçılarına Azərbaycandan kömək etmək işini Türkiyəyə tapşırmışdı. Rusiyanın başı isə öz daxili problemlərinə qarışmışdı. Ona görə də o illərdə Türkiyənin Azərbaycana “girişməsinə” mane olan amil olmadı. Beləliklə, Türkiyə Azərbaycan üzərində xeyli təsir imkanlarına malik oldu. Xüsusilə də media və təhsil sahəsində. 

Lakin Rusiyanın öz daxili problemlərini həll edərək əvvəlcə regional, sonra isə dünya gücü statusunu bərpa etməsi bu işdə tormozlanmaya səbəb oldu. Lakin illər ərzində Azərbaycanı əldə etmək uğrunda görülən işlər də öz təsirini buraxmamış deyil. Xeyli sahələr vardır ki, Türkiyənin təsiri açıq-aşkar görünür.

Məsələ burasındadır ki, Ərdoğanın yeni Osmanlı imperiyası qurmaq planları hamıya məlumdur. Lakin bu planlar və nail olunan arasında fərqləri gördükdə işlərin heç də yaxşı getmədiyini görürük. Türkiyənin bir neçə istiqamətdə geopolitik mübarizə aparmaq, rəqiblərini məğlub etmək potensialı hələ ki yoxdur. Ona görə də Azərbaycanın əldə saxlanılması və bu münasibətlərin daha da dərinləşdirilməsi cəhdləri başa düşüləndir. Bu həm Türkiyənin, həm də ABŞ-ın maraqlarına uyğun olduğu üçün bu işdə ABŞ-ın Türkiyəyə hərtərəfli dəstəyinin olduğunu sezirik. Azərbaycan Türkiyə üçün ucuz enerji mənbəyi, əhalisinin əhəmiyyətli hissəsinin türk olduğu qonşu dövlətdir. Həm də bu dövlət elə bir dövlətdir ki, Rusiya ilə İran arasında yerləşir. Məsələnin bu aspekti ABŞ üçün maraqlıdır. Azərbaycan Rusiya və İran arasında əlaqələrin inkişafına mane olmaq üçün bir plasdarm rolunu oynayır. Türkiyənin məqsədi Azərbaycanın resurslarından özünə sərfəli şərtlərlə istifadə edib Cənubi Qafqazda hərbi güc kimi peyda olmaq və möhkəmlənmək, Amerikanın məqsədi isə bu gücdən öz xeyrinə Rusiyaya qarşı istifadə etməkdir.

Azərbaycan aspekti

Azərbaycan tərəfindən olan aspekt budur ki, Azərbaycan 1828-ci ildən Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur.  Bu illər ərzində qtisadiyyatımız, mədəniyyətimiz, təhsilimiz, dövlət idarəetməmiz eyni sistemin tərkibi olmuş,  xarici siyasətimiz isə həmişə Rusiyanın maraqları ilə eyni, ya da ona zidd olmamaq şərtilə yürüdülüb. Azərbaycan formal suverenlik qazandığı 1991-ci ildən sonra belə ölkə rəhbərliyi Türkiyə və Qərb dövlətləri ilə nə qədər yaxınlaşsa da Rusiyanın maraqlarını və Rusiya ilə olan qarşılıqlı öhdəliklərimizi nəzərə alaraq onun geopolitik rəqibləri ilə hansısa bir hərbi-siyasi ittifaqa girməmişdir. MDB üzvü olaraq hələ də həmin təşkilatdayıq, bu təşkilatın üzvləri ilə sıx siyasi, hərbi, ticari əlaqələrimiz hələ də mövcuddur və bu əlaqələr günü-gündən inkişaf etməkdədir, xüsusilə də Rusiya ilə. Azərbaycan 90-cı illərdə Yeltsin hakimiyyəti dövründə rus siyasi elitasının Rusiyanı Qərbə meyl etdirib öz milli maraqlarını satdığı dövrdə Qərblə nə qədər yaxınlaşmağa fürsət tapa bildisə onu da etdi.

Lakin Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiya öz düşmənlərinə təslim olmağı dayandırdı, özünün geopolitik subyekt olduğunu sözdə və əməldə sübut etdi. 2000-ci illərin ikinci yarısından bəri yaranmış olan yeni geopolitik situasiyanı nəzərə alan Azərbaycan rəhbərliyi daha da diqqətli davranır, əsas strateji tərəfdaşlarından biri olan Rusiyanın milli təhlükəsizliyinə təhdid ola biləcək hərəkətlərdən çəkinir. Belə bir çətin geopolitik vəziyyətin içində Azərbaycan rəhbərliyi həm Qərblə, həm Rusiya ilə normal münasibətlər qurmağı bacarıb, özünün neytrallığını qoruyub, bu və ya digər tərəfin damarına basmayıb. Türkiyə ilə əlaqələrimiz Rusiya-Qərb qarşıdurması baxımından daim Rusiyanın diqqət mərkəzindədir və Azərbaycan rəhbərliyi bunun fərqindədir.

Son illərdə Qərb-Rusiya qarşıdurmasının daha da kəskinləşməsi fonunda yaranmış olan qəliz siyasi vəziyyət Azərbaycan rəhbərliyinin artıq iki stulda otura bilməyəcəyindən, iki qüvvə arasında manevr imkanlarının məhdudlaşmasından xəbər verir. Məhz seçim etmək, hansı vektorla getməli olduğumuzu seçmək zamanımız gəlib çatıb. Bu baxımdan deyə bilərik ki, Azərbaycan rəhbərliyi artıq öz yolunu seçib. Prezidentin 2018-ci ildə açıq mətnli çıxışında bu yol bəyan edildi: “Biz Qərbə inteqrasiya etməyəcəyik”

Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanın öz yolu var - avrasiyaçı yolu. Biz bu yolda region dövlətləri ilə birlikdə olacağıq. Öz maraqlarımıza daha çox sərf edən variantı, qonuşularla sıx hərbi-siyasi, ticari, mədəni əlaqələri genişləndirib inkişaf edəcəyik. Özümüz öz ölkəmizin ağası olacağıq. Üstəlik Cənubi Qafqazın açar dövləti olaraq başda Rusiya olmaqla keçmiş postsovet ölkələrinin Türkiyə, İran və Şərqin digər dövlətləri arasında strateji əlaqələrinin və kommunikasiyalarının qurulmasında mühüm rol oynayacağıq. Biz artıq bu rolu uğurla yerinə yetiririk. Biz yalnız region dövlətlərinin bir-birinə inteqrasiyasının tərəfdarıyıq və uzaq qərbdən gələn təsirlərə boyun əymirik və əyməyəcəyik. 

Yuxarıda yazdığımız bütün amilləri nəzərə alaraq yekunda onu deyə bilərik ki, Azərbaycanın Türkiyə ilə birgə türk ordusu yaratmaq ideyası həyat qabiliyyətli deyil. Sadəcə gəlişi gözəl ideyadır. Bu ideyanı mümkünsüz edən çoxsaylı amillərdən biri və ən başlıcası Türkiyənin hələ də NATO  üzvü olmasıdır. Son bir ildə Rusiya ilə Azərbaycan arasında bağlanmış müqavilələr, yaranmış qarşılıqlı etimad ondan xəbər verir ki, Azərbaycan heç vaxt Rusiyanın düşməni olan NATO kimi bir təşkilatın ordusu ilə birgə ordu yarada bilməz. Əgər yaratmaq üçün cəhd belə etsə, bu hadisə faciələrə səbəb olacaq. Ukraynanın belə bir şeyə cəhd etməsi nəticəsində onun başına nələrin gəldiyini hamımız görürük. Azərbaycan rəhbərliyi də özünün dərin siyasi dünyagörüşü ilə bunu dərk edir və onun belə bir addımı atacağı gözlənilən deyil. Siyasət meydanında isə istənilən mövzuda nə qədər desən danışıqlar aparmaq olar. Danış ki danışasan. Mövzunu istədiyin qədər acı bağırsaq kimi uzada bilərsən. Əsas məsələ danışdığına dair konkret addımlar atmaqdır. Bizim atdığımız addımların isə açıq, başa düşülən, səlis geopolitik məntiqi vardır. Biz NATO və Qərbin digər strukturları ilə deyil, Rusiyanın olduğu və aparıcı dövlət olduğu strukturlarla yaxınlaşmaq yolunu tutmuşuq. 



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)